Ukraynanın müharibədən sonra bərpa layihəsi ABŞ investisiyaları və BlackRock-un iştirakı ilə həyata keçirilə bilər...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukraynanın müharibədən sonrakı bərpası ilə bağlı hazırlanan layihə barədə açıqlama verib. Onun sözlərinə görə, əsas məqsəd müharibədən sonra ölkəyə qayıdacaq ukraynalılar üçün iş yerlərinin yaradılması və iqtisadi həyatın yenidən canlandırılmasıdır.
Uitkoff bildirib ki, bu istiqamətdə ABŞ-ın aparıcı investisiya şirkətlərindən biri olan BlackRock ilə sıx əməkdaşlıq aparılır. Xüsusilə şirkətin icraçı direktoru Larri Fink ilə birlikdə Ukraynanın gələcək inkişafını hədəfləyən genişmiqyaslı layihə üzərində işlənildiyi qeyd olunub. Onun fikrincə, bu təşəbbüs Ukrayna xalqı üçün son dərəcə vacib əhəmiyyət daşıyır.
Xüsusi nümayəndə vurğulayıb ki, layihə yalnız infrastrukturun bərpasını deyil, eyni zamanda uzunmüddətli iqtisadi dayanıqlığın təmin edilməsini, yeni investisiyaların cəlb olunmasını və əmək bazarının formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşma müharibədən çıxmış ölkənin sosial-iqtisadi sabitliyinin bərpasına xidmət etməlidir.
Analitiklərin qənaətinə görə, ABŞ və iri maliyyə institutlarının Ukraynanın bərpasında fəal iştirakı Qərbin Kiyevə siyasi və iqtisadi dəstəyinin davamlı xarakter daşıdığını göstərir. Bu cür layihələr Ukraynanın müharibədən sonrakı dövrdə beynəlxalq iqtisadi sistemə daha sürətli inteqrasiyasına imkan yarada bilər.
Poliqon.info