AZ

Merts Ukraynada sülh üçün kompromislərin qaçılmaz olduğunu bildirib

Almaniya kansleri sabit atəşkəs, etibarlı təhlükəsizlik zəmanətləri və Avropada davamlı sülhün əsas hədəf olduğunu vurğulayıb...

Poliqon xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Ukraynada müharibəyə son qoymaq üçün kompromislərin zəruri olacağını bəyan edib. Kansler bu barədə Fransa mətbuatına, o cümlədən Le Monde nəşrinə verdiyi açıqlamada danışıb.

Mertsin sözlərinə görə, sülhə nail olmaq üçün bütün tərəflər müəyyən güzəştlərə hazır olmalıdır.

“Biz, şübhəsiz ki, Ukraynada sülhə nail olmaq üçün kompromislərə getməli olacağıq. Biz mümkün olan ən yaxşı nəticəyə – sabit atəşkəsə, etibarlı təhlükəsizlik zəmanətlərinə və birlikdə quracağımız Avropa sülhünə nail olmaq üçün əzmkarlıq, realizm və uzaqgörənliklə əlimizdən gələni edəcəyik”, deyə kansler bildirib.

Almaniya hökumətinin başçısı vurğulayıb ki, söhbət yalnız hərbi əməliyyatların dayandırılmasından getmir. Onun fikrincə, əsas məqsəd uzunmüddətli sabitliyi təmin edəcək mexanizmlərin formalaşdırılması, Ukraynanın təhlükəsizliyinin real zəmanətlərlə möhkəmləndirilməsi və Avropada yeni münaqişələrin qarşısını ala biləcək siyasi çərçivənin yaradılmasıdır.

Analitiklər qeyd edirlər ki, Mertsin bu mövqeyi Berlinin münaqişənin diplomatik yolla həllinə daha aktiv şəkildə cəlb olunmaq niyyətindən xəbər verir və Almaniyanın Avropa təhlükəsizliyi məsələlərində aparıcı rol oynamaq istəyini əks etdirir.

Poliqon.info

Seçilən
41
poliqon.info

1Mənbələr