Respublikaçı senator Danimarkanın ABŞ-nin müttəfiqi olduğunu vurğulayaraq, Trampın Qrelandiya ilə bağlı planlarının NATO üçün təhlükə yaradacağını bildirib...
Poliqon xəbər verir ki, ABŞ Senatının respublikaçı üzvü Cerri Moran prezident Donald Trampın Danimarkaya və Qrenlandiyaya dair davam edən tələblərinə açıq şəkildə etiraz edib. Senatorun sözlərinə görə, Qrenlandiya məsələsi ABŞ-nin müdaxilə edəcəyi sahə deyil və bu cür yanaşma ölkənin müttəfiqləri ilə münasibətlərinə ciddi zərər vura bilər.
Moran bəyan edib ki, ABŞ başqa bir ölkəni ələ keçirmək niyyətində olmamalıdır və Danimarka Vaşinqtonun yaxın müttəfiqidir. Onun fikrincə, belə iddialar təkcə iki ölkə arasındakı münasibətləri deyil, bütövlükdə transatlantik təhlükəsizlik sistemini sarsıda bilər. Senator xüsusilə vurğulayıb ki, bu xəttin davam etdirilməsi NATO-nun gələcəyi üçün təhlükəli nəticələr doğura və alyansın zəifləməsinə gətirib çıxara bilər.
Analitiklər hesab edirlər ki, Moran kimi respublikaçı senatorların tənqidi Tramp administrasiyasının Qrenlandiya ilə bağlı siyasəti ətrafında ABŞ daxilində də fikir ayrılıqlarının artdığını göstərir. Bu mövqe eyni zamanda Konqresdə müttəfiqlərlə münasibətlərin qorunmasının vacibliyini ön plana çıxaran siyasi xəttin hələ də güclü olduğunu nümayiş etdirir.
Poliqon.info