AZ

Qüdsdə hərbi xidmətə etiraz edən nümayişçilərin üzərinə avtobus sürülüb

Ultraortodoks yəhudilərin aksiyası zamanı baş verən insidentdə ölən və yaralananlar var...

Qüdsdə İsrail ordusuna çağırışa qarşı etiraz aksiyası keçirən ultraortodoks yəhudilərin üzərinə avtobus sürülüb. Hadisə zamanı azı dörd nəfər xəsarət alıb.

Poliqon xəbər verir ki, bu barədə The Jerusalem Post nəşri məlumat yayıb.

İsrailin milli təcili tibbi yardım xidmətinin açıqlamasına görə, xəsarət alanlardan biri həyatını itirib, daha üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra avtobusun sürücüsü saxlanılıb və hüquq-mühafizə orqanları insidentin səbəblərini araşdırır.

Məlumata görə, yanvarın 6-sı axşam saatlarında minlərlə ultraortodoks yəhudi Qüdsdə toplaşaraq hökumətin hərbi xidmətlə bağlı planlarına etiraz edib. Yerli medianın yazdığına görə, aksiya İsrail Müdafiə Qüvvələrinə ən dindar yəhudilərin cəlb edilməsinə qəti şəkildə qarşı çıxan tanınmış bir ravvinin təşəbbüsü ilə təşkil olunub.

Etirazçılar əllərində müxtəlif şüarlar olan plakatlar daşıyıblar. Plakatlardan birində “Qanun layihəsinin qəbuluna razılıq yəhudiliyin məhvinə razılıq deməkdir” ifadəsi yer alıb. Aksiya iştirakçıları hesab edirlər ki, məcburi hərbi xidmət onların dini həyat tərzinə və inanclarına ziddir.

Qeyd olunur ki, bundan bir gün əvvəl də oxşar etiraz aksiyaları keçirilib. Təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması və nəqliyyatın tənzimlənməsi məqsədilə Qüdsə yüzlərlə İsrail polisi və sərhəd polisi əməkdaşı cəlb olunub. Hüquq-mühafizə orqanları hadisə baş verən ərazidə sıx nəqliyyat axını barədə əvvəlcədən xəbərdarlıq etmişdilər.

Poliqon.info

Seçilən
33
poliqon.info

1Mənbələr