AZ

Qar yağması Parisdə hava nəqliyyatını iflic edəcək

Paris, 7 yanvar, AZƏRTAC

Paris bölgəsində yanvarın 7-də gözlənilən güclü qar yağması hava nəqliyyatında ciddi pozuntulara səbəb olacaq.

AZƏRTAC xəbər verir ki, Fransa nəqliyyat naziri Filip Tabaro mətbuat konfransında çıxışı zamanı İl-de-Frans regionunda avtomobillə səfərlərin mümkün qədər məhdudlaşdırılmasını qətiyyətlə tövsiyə edib.

Meteoroloqların proqnozlarına görə, gözlənilən qar epizodu yanvarın 5-də qeydə alınan hadisədən daha güclü olacaq. Bunun birbaşa nəticəsi olaraq Parisin əsas hava limanlarında çoxsaylı reyslər ləğv ediləcək. Ruassi–Şarl de Qoll hava limanında saat 09:00–14:00 aralığında planlaşdırılan uçuşların təxminən 40 faizi, Orli hava limanında isə saat 06:00–13:00 arasında nəzərdə tutulan reyslərin 25 faizi ləğv olunacaq.

Nazir, həmçinin bildirib ki, gecə saatlarında qarın yığılması və şaxtanın olması səbəbindən yolların vəziyyəti xüsusilə çətinləşə bilər. Bu səbəbdən təhlükəsizliyin artırılması məqsədilə bir sıra xüsusi tədbirlər görülüb. Qərbi Fransada və İl-de-Frans regionunda yük avtomobillərinin hərəkəti müvəqqəti olaraq qadağan edilib, minik avtomobilləri üçün isə bəzi əsas magistrallarda sürət həddi 70 km/saatla məhdudlaşdırılıb.

Yanvarın 6-sı günorta saatlarında ölkə üzrə 38 departament qar və buzlanma səbəbindən narıncı xəbərdarlıq rejiminə keçirilib. Xüsusilə Fransanın şimal-qərb bölgələrində, eləcə də gecə və sabah gün ərzində hava şəraitinin daha da pisləşəcəyi gözlənilir.

Seçilən
123
3
azertag.az

4Mənbələr