Vaşinqton tələblərə əməl olunmadığı halda növbəti hədəfin Kabello ola biləcəyini bildirib...
ABŞ prezidenti Donald Tramp administrasiyası Venesuelanın daxili işlər naziri Diosdado Kabelloya Vaşinqtonun tələblərinə əməkdaşlıq etmədiyi təqdirdə növbəti hədəf ola biləcəyi barədə xəbərdarlıq edib.
Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyi üç məlumatlı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Diosdado Kabello prezident Nikolas Maduronun ən yaxın silahdaşlarından biri olub və ABŞ ilkin mərhələdə məhz onun vasitəsilə ölkədə müəyyən sabitliyin qorunacağına ümid edirdi. Lakin sonrakı proseslərdə Vaşinqtonun mövqeyi sərtləşib.
Agentliyin mənbələrinin bildirdiyinə görə, Kabelloya vasitəçilər üzərindən açıq mesaj ötürülüb ki, müqavimət göstərəcəyi halda onu Maduronun aqibəti gözləyə bilər. Söhbət ABŞ tərəfindən həbs edilərək məhkəmə qarşısına çıxarılmaqdan, yaxud birbaşa həyatına təhlükə yaranmasından gedir.
Hazırda Vaşinqton Venesuelanın müvəqqəti prezidenti kimi Delsi Rodrigesi ölkənin idarə olunmasında əsas fiqur hesab edir. Mənbələr qeyd edir ki, Tramp administrasiyasının Venesuelanın gələcək idarəçiliyi ilə bağlı hələ də detallı və tam formalaşmış planı yoxdur və strategiya böyük ölçüdə hazırlanma mərhələsində qalır.
Reuters-in vurğuladığına görə, ABŞ-nin əsas məqsədi ölkəyə birbaşa hərbi müdaxilə etmədən Venesuela üzərində xarici nəzarət mexanizmi qurmaq və xüsusilə neft resurslarına nəzarəti ələ keçirməkdir. Analitiklər hesab edirlər ki, bu yanaşma iqtisadi təzyiq, siyasi təsir və hədəfli hədələr vasitəsilə həyata keçirilməyə çalışılır və regionda gərginliyi daha da artırır.
Poliqon.info