ABŞ-ın şənbə günü Venesuelaya qarşı keçirdiyi hərbi əməliyyat nəticəsində təxminən 75 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Post" vəziyyətlə tanış mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında Venesuela Prezidenti Nikolas Maduronun iqamətgahında baş verən atışma zamanı həyatını itirən onlarla insan da var.
Məlumata görə, gecə saatlarında həyata keçirilən hücum nəticəsində azı 67 nəfər ölüb, digər mənbələr isə həlak olanların sayının 75–80 nəfər arasında olduğunu bildirir. Hesablamalara Venesuelanın təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə yanaşı, hadisələrin mərkəzində qalan mülki şəxslər də daxildir. Bu rəqəmlər Venesuela rəsmilərinin son günlər səsləndirdiyi məlumatlarla üst-üstə düşür.
Əməliyyat zamanı təxminən altı amerikalı hərbçi yaralanıb. Onlardan bəziləri Maduronun iqamətgahı yaxınlığında baş verən atışma zamanı güllə yarası alıb və Texas ştatında yerləşən Bruk hərbi-tibb mərkəzinə aparılaraq əməliyyat olunub. Pentaqonun məlumatına görə, iki hərbçi hələ də müalicə alır, beş nəfər isə artıq xidmətə qayıdıb.