Əsrlərdən bəridir ki, insanları yurdu qorumağa və onun uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərməyə sövq edən Vətən sevgisidir. İgidlikləri ilə adlarını tarixin səhifələrinə əbədi yazanlar zaman-zaman Vətən sevgisindən güc alıblar. Həmişə şücaətləri ilə öyündüyümüz, adlarını əzizləyə-əzizləyə çəkdiyimiz, qürur duyub fəxr etdiyimiz cəsur oğullar Vətən sevgisinin dupduru bulağından su içiblər.
Bugünkü nəsillər də daim Vətən sevgisindən güc alaraq İkinci Qarabağ müharibəsində sələflərinin döyüş yollarını şərəflə davam etdirdilər, düşməni diz çökdürüb Zəfər qazandılar. Qəhrəmanlıqları və igidlikləri ilə həm Qarabağı, həm də işğal olunmuş başqa rayonlarımızı azad edərək tarix yazdılar. Elə bir tarix ki, həmişə xalqımıza başucalığı gətirəcək. Elə bir tarix ki, zaman-zaman onlar iftixarla xatırlanıb ehtiramla yad ediləcəklər, igidlikləri, cəsarətləri və qəhrəmanlıqları ilə gələcək nəsillərə nümunə olacaqlar.
Bütün bunlar içində yaşadığımız zamanın tələbi idi. Qazanılan Zəfər, yazılan tarix həm də gələcəkdə bizim yolumuzu cəsarətlə davam etdirəcək gənclərin qarşısına əbədi və müqəddəs borc qoyub.
Tarixin heç zaman pozulmayan ənənəsi
Yaşamaq, daim var olmaq üçün millətə Vətən lazımdır. Vətənə sevgi, məhəbbət heç vaxt qınına qoyulmayan qılınc kimidir. Həmişə ayaqdadır, həmişə döyüşə, savaşa hazır vəziyyətdədir. Olduqca iti və kəsərlidir.
Tarixin yaşanmış və sınaqlardan çıxmış təcrübəsi, pozulmayan ənənəsi var. Əgər bir məkanda bünövrə qazdınsa, yer-yurd saldınsa, həmin ərazini göz bəbəyi kimi qorumalısan. Qorumalısan ki, yağılar, yadellilər o yerlərə ayaq basa bilməsinlər. "Vətən" deyib əzizlədiyin və üstündə yaşadığın o torpaqları əlindən almasınlar. Əgər döyüşdən geri çəkilib qəsblə barışsan, onda Vətən işğal altında qalıb yağmalanacaq, sərvətləri talanacaq. Buna görə də daim mövcud olmaq naminə torpaq qorunmalıdır. Bütün dövrlərdə Vətən sevgisi xalqı yumruq kimi birləşdirib. Tarixdə həmişə belə olub, xalq birləşəndə çox güclü və məğlubedilməz qüvvəyə çevrilib.
Necə ki, 44 günlük Vətən müharibəsində xalqımız yumruq kimi birləşərək erməni işğalçılarına qalib gəldi. 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarını azad etdi. Deməli, Vətən sevgisinə yüksək dəyər verənlər yanılmayıblar. Vətən sevgisi ona görə müqəddəs və alidir ki, o, insanları qələbə əzmi ilə düşmən üzərinə aparır, zəfərlərə səsləyir və sonda uğurlara qovuşdurur. Bu çağırış hamımızı yurdun müdafiəsinə səfərbər edir, qələbələrə ruhlandırır.
Sərhədsizdir, hüdudsuzdur Vətən sevgisi
El qeyrəti çəkən oğul və qızlarımız həmişə Vətən sevgisindən ilhamlanaraq onun çağırışına hay vermiş, yurda əsgər olmuşlar. Onlar ürəklərindəki Vətən sevgisinin odunun, alovunun işığında və istisində gecə-gündüz qorxu bilmədən torpaqlarımızı qəsbkarlardan qorumuşlar. Çətin sınaqlarından şərəflə çıxmış tarixi ənənə bu gün daha da güclü axarla davam etməkdədir. İkinci Qarabağ müharibəsindən Zəfərlə çıxmış Silahlı Qüvvələrimizin şəxsi heyəti bu gün yenə də göz qırpmadan yurdumuza keşik çəkir. Getdikcə gücünü artırıb qüdrətlənən ordumuz xalqımızın şərəfinin, azadlığının müdafiəçisidir, ərazi bütövlüyümüzün və suverenliyimizin ən etibarlı təminatçısıdır. Həm də böyüməkdə olan nəsillərin mərdlik, igidlik və qəhrəmanlıq simvoludur. İgid zabit və əsgərlərimiz 2020-ci ilin sentyabrında erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində və ondan sonra müxtəlif zamanlarda keçirilmiş antiterror əməliyyatlarında böyük hünər göstərərək düşmənə sarsıdıcı zərbələr endirmiş, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdilər.
Vətəni qoruyan əsgərlərə bütün dövrlərdə rəğbətlə yanaşılıb, onlar həmişə hörmətlə qarşılanıb. Bu da təbiidir, çünkü döyüşçülər Vətənin etibarlı müdafiəçiləri, yurdun qorxmaz keşikçiləridir, torpağın xilaskarlarıdır. Onlar yaxşı bilir və dərindən dərk edirlər ki, bu gün xalqımız yurdun taleyini onlara tapşırıb.
Bəlkə də bütün sevgilərin hüdudu və sərhədi var, amma Vətən sevgisinin nə sonu, nə də sərhədi var. O, göylər qədər uca, okeanlar və dənizlər qədər sonsuz və hüdudsuzdur. O, yerlər qədər dərindir. İnsan nə qədər ki, həyatda var, onun ürəyində, qəlbində qoynunda dünyaya göz açıb yaşadığı torpağa sevgisi də boy atıb böyüyəcək. Çünki bu sevgi əbədidir, məşəl kimi parlaq və sönməzdir. Yandıqca yanır, şölələndikcə şölələnir. Onun gur işığına, istisinə milyonlarla insan toplaşır.
V.MƏMMƏDQULUOĞLU,
"Azərbaycan"