Azərbaycan-Amerika münasibətlərinin kontekstində 2025-ci il tarixi il sayıla bilər.
2025-ci il Azərbaycan Respublikasının müasir siyasi tarixində təkcə regional proseslər baxımından deyil, həm də qlobal güc mərkəzləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması baxımından xüsusi yer tutur. Bu ilin ən mühüm xarici siyasət nailiyyətlərindən biri, şübhəsiz ki, Azərbaycan-Amerika münasibətlərində uzun illər mövcud olmuş institusional və siyasi maneələrin aradan qalxması və tərəfdaşlığın strateji müstəviyə keçməsi olmuşdur.
Müstəqillikdən sonra Azərbaycan-ABŞ əlaqələrinin inkişafına ciddi təsir göstərən əsas amillərdən biri 1992-ci ildə qəbul edilmiş və uzun illər ikitərəfli münasibətlərin üzərində “siyasi kölgə” kimi qalan 907-ci düzəliş idi. Bu düzəliş Azərbaycanı haqsız şəkildə məhdudlaşdırmaqla yanaşı, regionda formalaşmış real geosiyasi vəziyyəti də əks etdirmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin mövcudluğu, erməni lobbisinin ABŞ siyasi dairələrində təsiri və Vaşinqtonun selektiv yanaşması münasibətlərin dərinləşməsinə imkan vermirdi. Məhz elə bu baxımdan 2025-ci il dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
2025-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona etdiyi tarixi səfər və Ağ Evdə qəbul zamanı atılan addımlar ikitərəfli münasibətlərdə yeni siyasi reallıq yaratdı. Prezident Tramp tərəfindən 907-ci düzəlişin tətbiqinə faktiki olaraq son qoyulması, hələ Konqres səviyyəsində rəsmiləşməsə də, güclü siyasi və simvolik məna daşıdı. Bu addım, bir tərəfdən, Azərbaycanla bağlı uzun illər davam edən ədalətsiz yanaşmanın etirafı, digər tərəfdən isə Vaşinqtonun Cənubi Qafqazda yeni geosiyasi balansı qəbul etdiyinin göstəricisi idi.
Eyni zamanda, 2025-ci ildə Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun yaradılması barədə sənədin imzalanması münasibətlərin institusional əsaslarını möhkəmləndirdi. Bu mexanizmin əsas məqsədi Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasıdır ki, bu da əlaqələrin yalnız siyasi dialoqla məhdudlaşmadığını, iqtisadiyyat, ticarət, nəqliyyat, energetika və hərbi-sənaye sahələrini də əhatə edən genişmiqyaslı əməkdaşlıq modelinə çevrildiyini göstərir.
2025-ci ilin Azərbaycan-Amerika münasibətləri üçün əlamətdar cəhətlərindən biri də Ermənistan-Azərbaycan münaqişəsinin siyasi baxımdan tam başa çatması fonunda bu əlaqələrin yeni məzmun qazanmasıdır. Müharibənin sona çatması Vaşinqton üçün də regionda daha praqmatik və maraqlara əsaslanan siyasət yürütmək imkanı yaratdı. Bu kontekstdə Zəngəzur dəhlizinin açılmasının ABŞ tərəfindən dəstəklənməsi və Prezident Tramp tərəfindən təsdiqlənməsi təkcə ikitərəfli deyil, həm də regional və qlobal nəqliyyat-logistika sistemləri baxımından strateji əhəmiyyət daşıyır.
2025-ci il Azərbaycan-Amerika münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Bu il ərzində atılan addımlar uzun illər davam edən etimadsızlıq və məhdudiyyətlər dövrünü geridə qoyaraq qarşılıqlı maraqlara, praqmatik yanaşmaya və strateji tərəfdaşlıq perspektivinə əsaslanan yeni siyasi xətt formalaşdırmışdır. Məhz bu səbəbdən 2025-ci il Azərbaycan-ABŞ münasibətləri tarixində dönüş və tarixi il kimi dəyərləndirilə bilərik.
Rəvanə Kərimova, Nəsimi Rayon Gənci.