AZ

“Fitch Ratings”: ABŞ-ın Venesuelaya müdaxiləsinin Şimali Amerikadakı neft istehsalçılarına təsiri məhduddur

Bakı, 7 yanvar, AZƏRTAC

ABŞ-ın Venesuelaya müdaxiləsinin Şimali Amerikadakı xam neft hasilatçılarına təsiri məhduddur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin təhlilində deyilir.

Bildirilir ki, Birləşmiş Ştatların Venesuelaya müdaxiləsi ölkənin neft hasilatının artımını dəstəkləyə bilər. Bu proses sektorda xarici şirkətlərin iştirakını artıran siyasət dəyişikliklərinə gətirib çıxararsa, nəticədə ABŞ-ın kəşfiyyat və istehsal şirkətləri üçün müsbət nəticələr verə bilər. Həmçinin böyük qazanc əldə etmək üçün genişmiqyaslı investisiyalara və vaxta ehtiyac var. Hazırda yüksək olan neft təklifi fonunda qlobal bazarda investisiya təşviqləri isə məhduddur.

Qeyd olunur ki, Venesuelanın xam neft tədarükünün sürətli artması kimi aşağı ehtimallı ssenaridə Kanadanın xam neft ixracı qiymət təzyiqi ilə üzləşə bilər. Lakin Kanadanın neft istehsalçılarının əhəmiyyətli dərəcədə dayanıqlılığı səbəbindən bu proseslər reallaşacağı təqdirdə bunun kredit reytinqlərinə təsiri məhdud olacaq.

Eyni zamanda vurğulanır ki, Birləşmiş Ştatların neft emalı zavodları, xüsusən də yüksək mürəkkəblik səviyyəsinə malik olanlar bu inkişaflardan faydalana bilər. Baş verənlər şirkətlər üçün ölkənin geniş neft ehtiyatlarına çıxış imkanı yarada və infrastrukturun yenidən qurulmasına investisiya qoymağa imkan verə bilər, bununla da gələcək istehsal gücünü artıra bilər. Lakin bu proses uzunmüddətli perspektivdə xammal xərclərinin azalmasına və neft emalı zavodlarının mənfəət marjalarını yaxşılaşdırmasına gətirib çıxaracaq.

Seçilən
80
azertag.az

1Mənbələr