O, heç vaxt böyümədi...
Ömrümün təxminən 10 ili övladlarımın naqolay suallarını cavablandırmaqla keçib. Oğlum 4 yaşı olanda soruşmuşdu: "Ata, kəndimiz niyə işğal olundu?" Azərbaycanın müstəqilliyini istəməyən qüvvələrdən, Rusiyadan, İrandan danışmışdım, uşağı xalqımızın günahkar olmadığına inandırmağa çalışmışdım. Dediklərimə diqqətlə qulaq aşmışdı, amma sözlərimə inanmamışdı. Bunu Şahinın ağıllı baxışlarından anlamaq o qədər də çətin deyildi... Üç-dörd il sonra Xədicə eyni sualları verməyə başladı. Qızım qardaşından daha "amansız" idi, nəyin bahasına olursa-olsun, "günahkarı" tapıb üzə çıxarmaq istəyirdi. Bu mövzuda söhbət düşəndə bir dəfə dözməyib belə dedim: "Müharibə vaxtı mən tələbə idim, Türkiyədə oxuyurdum. Həmin vaxt ermənilərə qarşı döyüşmədiyim üçün kəndimiz isğal olundu". Şahin artıq böyümüşdü, məktəbə gedirdi. Hər gün rəngli kitablarını vərəqləyəndə Birinci Qarabağ müharibəsinin şəhidlərinin şəkillərini görürdü. Nənəsi ona o qanlı-qadalı günlərdə Rusiyadakı işini atıb Vətənə dönən, son nəfəsinə kimi düşmənlə döyüşən Mais Verdiyev haqda danışmışdı. Odu ki, bu dəfə etiraz etdi: "Sən döyüşməsən də, Mais əmi doyüşüb şəhid oldu. Doxsanıncı illərdə 20 min şəhid vermişik. Biz uduzmadıq, pis adamlar bizi uduzdurdu". Bir neçə gün əvvəl oğlumla birlikdə doğulduğum Cəbrayıl rayonuna getmişdik. Hansı kəndə üz tutduqsa, bizi Birinci Qarabağ müharibəsinin şəhidləri qarşıladı. Soltanlıda Maisin, Rufizin, Faiqin, Elmarın xatirə lövhəsini ziyarət etdik. Hacılıda üç körpə balasını ömür-gün yoldaşına etibar edib müharibəyə gedən, qanlı döyüşlərdə onlarla erməni hərbçisini məhv edən igid Əhmədin - şəhid Əhməd Məmmədovun müqəddəs ruhu qarşısında baş əydik. Mirəkdən keçəndə qəhrəman İnqilab, Ramid üçün "Fatihə" verdik. Bundan əvvəl isə Şükürbəyli kəndində Azərbaycanın ən gənc şəhidi Tiqananın - Samir Əliyevin məzarını ziyarət etdik. Şahin Samirin qara mərmərə həkk olunmuş doğum tarixini görəndə heyrətini gizlədə bilmədi: "O vaxt çox kiçik olub". Onun sözlərini başımla təsdiqlədim: “Samir kiçik olsa da, böyük ürəyi vardı. Düşmənlə döyüşmək üçün təkcə fiziki güc deyil, həm də ÜRƏK lazımdır. Samirin ürəyindən...” O, heç vaxt böyümədi. Amma onun kimi igid oğulların sayəsində Qarabağ, Şərqi Zəngəzur işgaldan azad olundu, Azərbaycan böyüdü... Seymur Verdizadə