AZ

Fransa məhkəməsi Marin Lö Pen işi ilə bağlı ABŞ-ın sanksiya ehtimalına sərt reaksiya verib

Paris, 7 yanvar, AZƏRTAC

Fransa Ədalət Məhkəməsi ötən ilin mart ayında Marin Lö Peni məhkum etmiş Paris islah məhkəməsinin hakimlərinə qarşı ABŞ tərəfindən mümkün sanksiyaların tətbiqinə dair yayılan məlumatlara münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Paris məhkəməsinin sədri Peman Qaleh-Marzban bu cür ehtimalların gündəmə gəlməsini qəbuledilməz və dözülməz adlandırıb. O, Parisdə yeni hakimlərin təyin olunması mərasimində çıxışı zamanı qeyd edib ki, xarici dövlətin Fransa hakimlərinə qarşı sanksiya tətbiq etməsi ölkənin daxili işlərinə açıq müdaxilə kimi qiymətləndiriləcək və dövlət qurumları tərəfindən qəti şəkildə pislənəcək.

Almaniyanın “Der Spiegel” jurnalının yazdığına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası cari ilin mart ayında Marin Lö Peni məhkum edən Paris islah məhkəməsinin hakimlərinə qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirib.

Fransada ultra-sağçı Milli Birlik (Rassemblement National, RN) partiyasının lideri Marin Lö Pen 2012-ci, 2017-ci və 2022-ci illərdə prezident seçkilərində iştirak edib və növbəti seçkilərdə də namizəd olmaq niyyətindədir. O, partiyası və daha 11 nəfər təqsirləndirilən şəxs bu həftədən etibarən Paris apellyasiya məhkəməsində mühakimə olunacaqlar. Onlar Avropa Parlamentindən partiyanın xeyrinə ayrılmış vəsaitlərin mənimsənilməsində ittiham edilirlər.

Peman Qaleh-Marzban Fransanın beynəlxalq hüquq müstəvisində müstəqilliyinin qorunmasının vacibliyini vurğulayaraq, ABŞ-ın beynəlxalq məhkəmələrə və hakimlərə qarşı sanksiya praktikasını tənqid edib. O, xüsusilə fransız hakim Nikola Giyunun Beynəlxalq Cinayət Məhkəməsində verdiyi qərarlara görə ABŞ sanksiyalarına məruz qalması ehtimalına diqqət çəkib. Nikola Giyu İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarı çıxaran məhkəmə tərkibinin üzvüdür.

Donald Tramp 2023-cü ilin mart ayında Marin Lö Penin dörd il müddətinə həbsə, 100 min avro cəriməyə məhkum edilməsi və beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrum olunması ilə bağlı qərar arasında öz şəxsi məhkəmə işləri ilə oxşarlıq olduğunu bildirmişdi.

Fransanın hüquq sistemi və dövlət qurumları isə beynəlxalq müdaxilələrə qarşı müstəqilliyin qorunması və daxili işlərə kənar təsirlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Seçilən
74
1
azertag.az

2Mənbələr