AZ

Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi Azərbaycanı Çinin əvəzolunmaz tranzit tərəfdaşına çevirir RƏY

Bakı, 7 yanvar, Səbinə Əlizadə, AZƏRTAC

Azərbaycan–Çin münasibətlərinin gələcək inkişaf trayektoriyası Avrasiya geosiyasətində baş verən çoxqatlı transformasiya, “Bir kəmər, bir yol” təşəbbüsünün təkamülü və Cənubi Qafqazın artan strateji əhəmiyyəti fonunda formalaşır. Çin üçün Azərbaycan təkcə coğrafi tranzit məkanı deyil, eyni zamanda, inkişaf etmiş nəqliyyat infrastrukturu, siyasi sabitliyi və balanslaşdırılmış xarici siyasət kursu ilə yüksək strateji dəyərə malik tərəfdaş kimi çıxış edir.

Bunu AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Nəzrin Əlizadə bildirib

Ekspertin sözlərinə görə, bu strateji əhəmiyyət xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzərindən daha aydın şəkildə təzahür edir. “Azərbaycanın malik olduğu nəqliyyat-logistika infrastrukturu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu Çin üçün əməliyyat baxımından mümkün, siyasi riskləri nisbətən aşağı və iqtisadi cəhətdən səmərəli alternativə çevirir. Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Avrasiya nəqliyyat xətlərində yaranmış qeyri-sabitlik Çinin Şimal dəhlizindən asılılığını azaltmaq istiqamətində axtarışlarını sürətləndirib və bu kontekstdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Rusiya ərazisindən yan keçən, dəniz yollarına alternativ təqdim edən strateji marşrut kimi ön plana çıxıb”, - deyə N.Əlizadə qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəni Çin üçün əvəzolunmaz tranzit tərəfdaşına çevirir. Bu çərçivədə Azərbaycan üçün də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çinlə çoxtərəfli əməkdaşlığın inkişafı strateji prioritet hesab olunur. Belə əməkdaşlıq Azərbaycanın tranzit və nəqliyyat sektorundan əldə etdiyi gəlirlərin artmasına, ticarət marşrutlarının şaxələndirilməsinə və xarici investisiya axınının sürətlənməsinə şərait yarada bilər.

Ekspert daha sonra deyib: “Bu prosesin dayanıqlı və real “qazan-qazan” modelinə çevrilməsi üçün Çinin “Bir kəmər, bir yol” çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu daha yüksək strateji prioritet sayması zəruridir. Trans-Xəzər marşrutu Çin–Avropa istiqamətində ən qısa dəmir yolu xətlərindən biri olmaqla yanaşı, Azərbaycanın Xəzər hövzəsində artıq reallaşdırdığı iri infrastruktur layihələri səbəbindən əlavə yüksək maliyyə yükü də tələb etmir. Bu amil marşrutu Çin üçün həm iqtisadi, həm də strateji baxımdan rasional edir. Gürcüstanın və Türkiyənin də Çinin bu marşruta cəlb olunmasını dəstəkləməsi xəttin regional legitimliyini və praktiki tətbiq imkanlarını artıran mühüm amillər sırasındadır”.

N.Əlizadə diqqətə çatdırıb ki, münasibətlərin dərinləşməsi Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursuna ehtiyacı daha da artırır. Avropa İttifaqının Azərbaycanın əsas ixrac bazarlarından biri olması və ölkənin Avropanın enerji təhlükəsizliyində oynadığı rol Bakının Çinlə əməkdaşlığı limitsiz şəkildə genişləndirməsini məhdudlaşdıran mühüm struktur faktorlar sırasındadır. Limanlar, dəmir yolları və strateji infrastruktur sahələrində Çin kapitalının artan iştirakı orta perspektivdə Avropa paytaxtlarında geosiyasi asılılıq və təhlükəsizliklə bağlı müzakirələri aktuallaşdıra bilər.

Seçilən
27
1
azertag.az

2Mənbələr