Buxarest, 6 yanvar, AZƏRTAC
Rumıniyalı analitik Robert Lupitsu transatlantik münasibətlərin hazırkı mərhələsini və bu münasibətlərin getdikcə daha çox transaksional xarakter almasını təhlil edərək qeyd edir ki, Amerika Birləşmiş Ştatları (ABŞ)–Avropa əlaqələri dəyərlərə əsaslanan klassik müttəfiqlik modelindən maraqlar üzərində qurulan yeni mərhələyə keçməkdədir.
AZƏRTAC xəbər verir ki, bu barədə analitik Rumıniyanın nüfuzlu “Calea Europeana” nəşrində məqalə ilə çıxış edib.
Onun fikrincə, bu dəyişiklik xüsusilə təhlükəsizlik, enerji və geosiyasi təsir zonaları kontekstində özünü daha aydın göstərir.
Robert Lupitsu bildirir ki, son illərdə ABŞ xarici siyasətində müşahidə olunan yanaşma müttəfiqlərlə münasibətlərdə strateji öhdəliklərdən çox konkret fayda və nəticələrə hesablanmış razılaşmaları ön plana çıxarır. Bu modelin müxtəlif regionlarda tətbiqi Avropa üçün həm risklər, həm də yeni qərar mexanizmləri formalaşdırmaq zərurəti yaradır.
Analitik yazır ki, bu kontekstdə Qrenlandiya məsələsi xüsusi diqqət çəkir. ABŞ-ın Qrenlandiyaya artan marağı yalnız regional məsələ deyil, qlobal miqyasda güclər balansının dəyişməsi ilə bağlıdır. Arktika regionu zəngin təbii resurslara, strateji nəqliyyat marşrutlarına və hərbi-strateji mövqeyə malikdir. Lupitsunun qənaətinə görə, Qrenlandiya ətrafında gedən müzakirələr Vaşinqtonun gələcəkdə digər regionlarda da oxşar yanaşmalar tətbiq edə biləcəyini göstərən açıq siqnaldır.
Məqalədə vurğulanır ki, bu proses Avropa İttifaqını daha fəal və müstəqil strateji mövqe formalaşdırmağa vadar edir. Avropa yalnız ABŞ-ın təşəbbüslərinə cavab verən tərəf kimi deyil, öz təhlükəsizlik və geosiyasi maraqlarını müəyyən edən aktor kimi çıxış etməlidir. Robert Lupitsu hesab edir ki, Avropa üçün əsas çağırış transatlantik əlaqələri qorumaqla yanaşı, öz strateji muxtariyyətini gücləndirməkdir.
Analitik qeyd edir ki, transatlantik alyansın gələcəyi kompromislər və qarşılıqlı maraqlar üzərində qurulacaq. Lakin bu modeldə Avropanın passiv mövqedə qalması onun qlobal proseslərdə təsir imkanlarını zəiflədə bilər. Qrenlandiya nümunəsi göstərir ki, geosiyasi rəqabət yeni mərhələyə daxil olur və bu mərhələdə yalnız güclü strateji baxışa malik tərəflər mövqelərini qoruya biləcəklər.
Nəticə etibarilə, Robert Lupitsu yazır ki, transatlantik münasibətlərin transformasiyası Avropa üçün həm xəbərdarlıq, həm də fürsətdir. Doğru qərarlar qəbul olunacağı təqdirdə, Avropa bu yeni reallıqda öz yerini daha aydın və dayanıqlı şəkildə müəyyən edə bilər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest