AZ

Avropa İttifaqı Venesuelanın müvəqqəti prezidentini tanımaqdan İMTİNA ETDİ

Avropa İttifaqı (Aİ) Venesuelanın yeni təyin olunmuş müvəqqəti prezidenti Delsi Rodrigezi tanımayacağını, lakin ölkə hakimiyyəti ilə məhdud əlaqələri davam etdirəcəyini açıqlayıb.

Avropa Komissiyasının xarici məsələlər üzrə sözçüsü Anita Hipper bildirib ki, Aİ-nin Venesuela ilə bağlı mövqeyi dəyişməzdir və mövcud administrasiya demokratik legitimliyə malik deyil. Onun sözlərinə görə, Venesueladakı hakimiyyət xalqın demokratik dəyişiklik istəklərinə hörmət etməyən bir seçki prosesi nəticəsində formalaşıb.

Hipper vurğulayıb ki, Aİ Venesuelada demokratiyaya sadiq olan bütün tərəfləri əhatə edən inklüziv siyasi dialoqu dəstəkləyir və bu prosesə demokratik yolla seçilmiş müxalifət liderləri də daxil edilməlidir.

Sözçü qeyd edib ki, Aİ nə Nikolas Maduronun, nə də Delsi Rodrigezin legitimliyini tanıyır, amma öz maraqlarını və fundamental prinsiplərini qorumaq məqsədilə Venesuela hakimiyyəti ilə məhdud və texniki səviyyədə əlaqələri saxlayır.

Hipper həmçinin Arktika bölgəsindəki təhlükəsizlik məsələlərinə toxunaraq ərazi bütövlüyü və suverenliyin beynəlxalq hüququn fundamental prinsipləri olduğunu bildirib. O, vurğulayıb ki, bu prinsiplər yalnız Aİ üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün məcburidir. Aİ Danimarka və Qrenlandiya xalqı ilə həmrəy olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı nəzarətə götürmək istədiyini açıqlayıb və bu məqsədlə hərbi variantları istisna etməyib.

Yanvarın 5-də isə bir sıra Avropa ölkələri və Aİ Danimarka və Qrenlandiyaya dəstək bəyanatları verərək adanın gələcəyinin xarici qüvvələr tərəfindən müəyyən edilə bilməyəcəyini və suverenliyinə hörmət edilməli olduğunu vurğulayıblar.

Seçilən
44
veteninfo.az

1Mənbələr