Qastroenteroloq həkim Yevgeniya Melnikova alkoqol zəhərlənməsinin fəsadları ilə daha tez mübarizə aparmağa kömək edən məhsul və içkilərdən danışıb. Mütəxəssisin sözlərinə görə, asma vəziyyəti əsasən susuzlaşma və elektrolit balansının pozulması ilə əlaqədardır. Buna görə də əsas məqsəd itirilmiş mayenin bərpasıdır.
Redaktor.az bu haqda “İzvestiya” nəşrinə istinadla məlumat çatdırır.
Həkim ən təsirli variantlardan biri kimi kokos suyunu və tərkibində elektrolitlər olan digər içkiləri qeyd edib. Onlar duz balansının bərpasına kömək edir və baş ağrısı, halsızlıq, ürəkbulanma kimi əlamətlərin azalmasına səbəb ola bilər. Eyni zamanda, xüsusilə oyanışdan sonrakı ilk saatlarda adi suyun bol-bol içilməsi də faydalıdır.
Bundan əlavə, Melnikova rasiona antioksidantlarla zəngin qidaların - giləmeyvələrin, sitrus meyvələrinin və yaşıl tərəvəzlərin daxil edilməsini tövsiyə edib. Bu məhsullar hüceyrələri dəstəkləyir və iltihabi proseslərin azalmasına kömək edir. Yüngül toyuq və ya tərəvəz bulyonları isə həm maye, həm də qida maddələrinin bərpasını təmin edir.
Həkim vurğulayıb ki, qəhvə və digər kofeinli içkilərin qəbulu məhdudlaşdırılmalıdır, çünki onlar susuzlaşmanı daha da artıra bilər. Qeyd olunub ki, bu üsullar asmanı tam aradan qaldırmır, yalnız simptomları yüngülləşdirir. Ağır vəziyyətdən qorunmağın ən etibarlı yolu isə alkoqoldan ölçülü istifadə etməkdir.
Aytəkin TOFİQQIZI