AZ

17 il davam edən əmlak davası – 1,3 milyon dollarlıq saxta sənədi kim tərtib edib?

“Allahdan diləyəcəyəm ki, məndən oğurlananlar onların ailələrində yalnız dərmanlara xərclənsin” – bu sözlərin müəllifi Azərbaycan vətəndaşı Aygün Mahmudova 17 ildir davam edən hüquqi mübarizədən sonra belə deyir.

Vətəninfo.az  xəbər verir ki, Aygün Mahmudova ölkə rəhbərliyinə göndərdiyi məktubda başına gətirilənləri “planlı talan və məhkəmə himayəsi ilə müşayiət olunan cinayət” kimi xarakterizə edir. Müraciətdə bildirilir ki, Mahmudova ailəsi 1997-ci ildən etibarən Neftçilər prospekti 60 ünvanında yerləşən, 419 kvadratmetr torpaq sahəsinin və üzərindəki 172,5 kvadratmetrlik tikilinin qanuni mülkiyyətçisidir. Dənizə yaxın, şəhərin ən prestijli ərazisində yerləşən bu sahə hər zaman böyük biznes marağı doğurub. 2007-ci ildə ailə “Gilan” MMC ilə əmlakın satışı barədə razılığa gəlib, beh alınıb. Lakin notarial müqavilə imzalanmamış, əsas məbləğ ödənilməmişkən, 2009-cu ildə məlum olub ki, torpaq zəbt edilib, tikili sökülüb, ərazidə tikinti işləri aparılır. Ailə araşdırma apararkən üzə çıxıb ki, 28 yanvar 2008-ci il tarixində saxta alqı-satqı müqaviləsi tərtib edilib.

Mahmudovanın adından guya etibarnamə ilə imza atan Aidə Bayramova adlı şəxs prosesin “icraçısı” kimi göstərilib. Ən qalmaqallı məqam isə saxta etibarnaməni təsdiqləmiş notariusun sonradan intihar etməsi, hətta qətlə yetirildiyi iddiaları var və bu faktın sürətlə ört-basdır edilməsidir. Bütün bu illər ərzində Azərbaycan məhkəmələrində çıxarılan qərarlar “Gilan” MMC-nin xeyrinə olub. Nəticədə ailə məsələni Avropa İnsan Haqları Məhkəməsinə çıxarıb. AİHM-in 18 yanvar 2024-cü il tarixli qərarı ilə Mahmudova ailəsinin mülkiyyət hüquqlarının cinayət xarakterli pozuntular nəticəsində kobud şəkildə tapdalandığı təsdiqlənib. Bu qərardan sonra Ali Məhkəmənin Plenumu 9 oktyabr 2024-cü ildə bütün əvvəlki qərarları ləğv edərək işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Lakin iddiaçı bildirir ki, Apellyasiya mərhələsində də vəziyyət dəyişməyib. Hakim Fərrux Qasımovun açıq şəkildə “Gilan” MMC-nin maraqlarını müdafiə etdiyi iddia olunur. Açıq məktubda göstərilir ki, iddianın təminatı ilə bağlı vəsatətlər 4 dəfə əsassız rədd edilib, sübutların saxtalığına dair ərizələr gizlədilib, zərərin tam ödənilməsi ilə bağlı müraciətlər geri qaytarılıb.

17 ildən sonra “peyda olan” 1,3 milyon dollarlıq kassa orderi

Ən sensasiyalı məqam isə 2025-ci ildə “Gilan” MMC-nin məhkəməyə təqdim etdiyi saxta kassa orderidir. Sənədə əsasən, guya 2008-ci ildə Cabir Zeydov adlı şəxsə 1,3 milyon dollar ödənilib. İddiaçı bildirir ki, sənəd qeydiyyatsızdır, kassa kitabında yoxdur, mühasib və kassir imzaları saxtadır, 17 il ərzində heç yerdə xatırlanmayıb. Məhkəmənin özü tərəfindən təyin edilmiş 23 iyul 2025-ci il tarixli ekspertiza rəyinə əsasən, talan edilmiş əmlakın real dəyəri 4 milyon 435 min manatdır. Buna baxmayaraq, iddiaçıya görə, məhkəmə bu rəyə də lazımi hüquqi qiymət vermir.

“Bu, təkcə mənim işim deyil”

Aygün Mahmudova açıq məktubunda bildirir ki, məsələ artıq şəxsi mübahisə çərçivəsini aşıb: “Qanunla, ölkə rəhbərliyi ilə hesablaşmayanlar Azərbaycanın düşmənidir. Bu ölkədə hər kəs qanun qarşısında bərabər olmalıdır”.
O, ölkə rəhbərliyindən birbaşa müdaxilə, obyektiv araşdırma və qanuni qərar gözlədiyini bildirir.
Qarşı tərəfi də dinləməyə hazırıq.Musavat.com

Seçilən
29
veteninfo.az

1Mənbələr