AZ

Zəfər ruhu, milli dəyərlər və davamlı inkişaf üzərində qurulan gələcək

Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə, ölkəmizin daxili

və xarici siyasətinin prioritetlərini, gələcək inkişaf hədəflərini və milli

dövlətçilik fəlsəfəmizi özündə ehtiva edən tarixi bir yol xəritəsidir. Bu

müsahibə bir daha sübut etdi ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident

İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi meydanda, həm də iqtisadi,

sosial və infrastruktur quruculuğu sahəsində yeni bir epoxaya qədəm qoyub.

Cənab Prezidentin paytaxt Bakının nəqliyyat

sistemi və ekoloji mühiti ilə bağlı açıqlamaları müasir çağırışlara tam cavab

verir. Şəhərin tarixi simasını qorumaqla yanaşı, mikromobilliyin inkişafı,

velosiped zolaqlarının salınması və ictimai nəqliyyatın keyfiyyətinin

artırılması paytaxt sakinlərinin rahatlığı üçün atılan inqilabi addımlardır. 10

yeni metro stansiyasının yeri artıq müəyyən olunub və bu, şəhərin yükünü əhəmiyyətli

dərəcədə azaldacaq. Ekoloji təmiz elektrobusların gətirilməsi "Yaşıl

artım" strategiyamızın tərkib hissəsidir. Yeni yaradılan parklar və

ictimai zonalar Bakını daha yaşanılan və piyada dostu bir şəhərə çevirir.

Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan

artıq 16 ölkəyə boru kəməri qazı ixrac edən nəhəng bir enerji mərkəzinə

çevrilib. Bizim enerji siyasətimiz praqmatizmə və reallığa əsaslanır. COP29-a

ev sahibliyi edən bir ölkə olaraq, biz həm ənənəvi enerji mənbələrimizdən səmərəli

istifadə edirik, həm də bərpaolunan enerjiyə böyük sərmayələr yatırırıq.

Müsahibənin ən mühüm mesajlarından biri milli

kimliyimizin özəyi olan Azərbaycan dilinin qorunması idi. Dilimiz dövlətçiliyimizin

birinci atributudur. Cənab Prezidentin xarici sözlərin dilimizə lüzumsuz daxil

olması ilə bağlı narahatlığı və xaricdə yaşayan 50 milyon soydaşımızın ana

dilində təhsil alması üçün onlayn məktəblərin yaradılması təşəbbüsü hər birimiz

üçün bir fəaliyyət proqramıdır. Dilimizi qorumaq milli kimliyimizi və dövlətçiliyimizi

qorumaqdır.

İnkişafın neft-qazdan deyil, zəka və təhsildən

asılı olması müasir Azərbaycanın əsas fəlsəfəsidir. Elm və Təhsil Nazirliyinin

yenidən qurulması, ali təhsil müəssisələrinin müasir modelə keçidi və istedadlı

gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi uzunmüddətli inkişafın təminatıdır.

Biz gələcəyimizi kadr islahatları və intellektual potensial üzərində qururuq.

İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan

xüsusi nümayəndəlik institutu və çevik idarəetmə modeli gələcəkdə bütün ölkə

miqyasında islahatların təməli ola bilər. Cənab Prezidentin kadr məsələlərinə

qarşı tələbkarlığı, şəffaflıq və ictimai nəzarət mexanizminin vacibliyini

xatırlatması bütün məmurlar üçün ciddi bir xəbərdarlıqdır. Vəzifə etimad deməkdir

və bu etimad xalqa xidmətlə doğruldulmalıdır.

Təhlükəsizlik və sabitlik Azərbaycanı turizm

üçün ən cəlbedici məkanlardan birinə çevirib. Şahdağda keçiriləcək beynəlxalq

idman tədbirləri, "Sea Breeze" kimi möhtəşəm layihələr və Qarabağın cənnət

təbiəti yaxın illərdə turist sayının daha da artmasına imkan verəcək.

Cənab Prezident İlham Əliyevin xüsusilə

"torpaq" anlayışı, işğal dövrünün psixoloji mənzərəsi və Zəfərdən

sonrakı quruculuq mərhələsi haqqında fikirləri hər bir azərbaycanlının qəlbində

dərin təsir yaradır.

Vətən müharibəsi dövründə hər azad edilən kənd,

hər ucaldılan bayraq bizim üçün milli kimliyimizin bərpası idi. Müzəffər Ali

Baş Komandan, cənab Prezident İlham Əliyevin şəhidlərimizə olan yüksək ehtiramı

və hər bir əsgərin həyatını qorumaq üçün hərbi əməliyyatların istiqamətini dəyişmək

qərarı, Onun humanist və milli rəhbər obrazını bir daha təsdiqlədi.

Bu gün biz artıq "yaralı torpaq"

anlayışından uzaqlaşırıq. İndi bizim üçün Qarabağ və Şərqi Zəngəzur quruculuq

meydanıdır. Cənab Prezidentin vurğuladığı kimi, indi biz torpağın keyfiyyətinə,

onun bərəkətinə, əkin-biçin potensialına baxırıq. Bu, Azərbaycanın sülh və

inkişaf dövrünə qədəm qoyduğunun ən böyük göstəricisidir.

Biz hər an ayıq və güclü olmalıyıq ki, bir

daha heç kim torpağımıza göz dikməsin. Möhtərəm Prezidentimiz cənab İlham

Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, daha güclü Azərbaycan naminə

çalışmağa davam edəcəyik.

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Seçilən
48
2
azerbaijan-news.az

3Mənbələr