Bakı,7 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə bir daha göstərdi ki, dövlətimizin strateji inkişaf xəttinin mərkəzində insan kapitalı, intellektual potensial və biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması dayanır. Dövlət başçısının səsləndirdiyi fikirlər həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün son dərəcə aydın və prinsipial mesajlar ehtiva edir. Prezident İlham Əliyevin qətiyyətlə vurğuladığı kimi, inkişaf etmiş ölkələrin uğurunun əsasında təbii sərvətlər deyil, məhz zəka, ağıl, elm və təhsil dayanır. Neft və qaz amili üstünlüklər yarada bilər, lakin dayanıqlı və uzunmüddətli inkişaf yalnız elmi potensiala və yüksək təhsilə söykənən dövlətlər üçün mümkündür. Bu baxımdan, ölkə başçısının “inkişaf etmiş ölkələrin inkişafı ancaq zəka, ağıl, təhsil və elmlə bağlıdır” fikri müasir dövrdə Azərbaycanın inkişaf fəlsəfəsinin açıq ifadəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Tamam Cəfərova bildirib ki, müsahibədə elm sahəsində aparılan struktur və kadr islahatlarına xüsusi diqqət çəkilməsi təsadüfi deyil. Elm və Təhsil Nazirliyinin yaradılması, elmi-tədqiqat institutlarının birləşdirilməsi, daha çevik və səmərəli idarəetmə mexanizmlərinin tətbiqi dövlətin bu sahəyə strateji yanaşmasının göstəricisidir. Elmi fəaliyyət yalnız formal məşğulluq vasitəsi deyil, real nəticələr, beynəlxalq elmi jurnallarda dərc olunan tədqiqatlar və müasir çağırışlara cavab verən elmi məhsullar üzərində qurulmalıdır. Bu yanaşma keyfiyyət meyarlarını ön plana çəkir və elmin real inkişafına xidmət edir.
O vurğulayıb ki, elm və təhsilin bir mərkəzdə birləşdirilməsi qabaqcıl dünya təcrübəsinə əsaslanır. İnkişaf etmiş ölkələrdə elmin ali təhsil müəssisələri ilə üzvi şəkildə bağlı olması innovasiyaların, texnoloji tərəqqinin və yeni biliklərin yaranmasının əsas şərtidir. Azərbaycanın da bu modeli seçməsi gələcəyə hesablanmış strateji qərardır.
Deputat xüsusilə diqqətə çatdırıb ki, son 20 ildə ölkəmizdə 10 yeni ali təhsil müəssisəsinin yaradılması, o cümlədən xarici tərəfdaşlarla birgə universitetlərin təsis edilməsi dövlətin təhsilə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Bu addımlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin sosial rifahının yaxşılaşdırılmasına və peşəkarlığın artırılmasına xidmət edir. Bütün bu tədbirlərin əsas məqsədi savadlı, bilikli və rəqabətədavamlı cəmiyyət formalaşdırmaqdır.
Müsahibimizin fikrincə, Prezident İlham Əliyevin müsahibəsində gənclərlə bağlı səsləndirdiyi fikirlər isə xüsusi diqqətə layiqdir. Dövlət başçısı ölkəmizin çoxsaylı istedadlı gənclərə malik olduğunu, həm ölkə daxilində, həm də xaricdə təhsil almış peşəkar kadrların formalaşdığını qeyd edib. “Yüksəliş” proqramı kimi təşəbbüslər gənclərin potensialının üzə çıxarılması, onların həvəsləndirilməsi və dövlət, eləcə də özəl sektorda məsul vəzifələrə cəlb edilməsi baxımından mühüm rol oynayır.
Xaricdə təhsil alıb Vətənə qayıdan gənclərin dövlət idarəçiliyində və müxtəlif sahələrdə yaratdığı müsbət dəyişikliklər göstərir ki, aparılan kadr siyasəti düzgün istiqamətdədir. Prezidentin 22 illik dövlətçilik təcrübəsinə əsaslanan bu müşahidələri bir daha sübut edir ki, cəmiyyətin ümumi intellektual səviyyəsi yüksəldikcə, yeni liderlər, yeni düşüncəli vətəndaşlar və istedadlı şəxsiyyətlər yetişir.
“Nəticə etibarilə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın gələcəyinin möhkəm təməl üzərində qurulduğunu göstərir. Elm, təhsil və gənclər siyasəti dövlətin prioritet istiqamətləri olaraq qalır və bu sahələrdə aparılan islahatlar ardıcıl şəkildə davam etdiriləcək. Əminliklə demək olar ki, məhz bu yol Azərbaycanın onilliklər və yüzilliklər boyu davam edəcək inkişafını təmin edəcək”,- deyə Tamam Cəfərova bildirib.