Ruhu sazla, ömrü torpaqla yoğrulan alim: Akademik Qərib Məmmədovun ömür dastanı
Azərbaycan elminin üfüqlərində özünəməxsus nura malik, ruhu müqəddəs sazla, hikmətli sözlə və bərəkətli torpaqla yoğrulmuş akademik Qərib Şamil oğlu Məmmədovun ömür yolu sadəcə bir alimin bioqrafik göstəricilərindən ibarət deyil. Bu yol — bir ocağın fədakarlıq dastanı, bir elatın intellektual ucalma hekayəti, bir nəslin mənəvi ucalıq zirvəsidir. Onun elmi və mənəvi ucalığına gedən o işıqlı cığır Qərbi Azərbaycanın qədim türk yurdu, ulu Oğuz yadigarı olan Ağbaba mahalında başlamışdır. Amasiya rayonunun ən vüqarlı, uca dağlar qoynunda sığınan yaşayış məskənlərindən olan Qaranamaz kəndi bu böyük ömrün beşiyi olmuşdur. Məhz burada, Şamil kişinin və Vəsmə ananın qurduğu, tüstüsü həmişə düz çıxan o müqəddəs ocaqda Qərib müəllimin xarakterinin bünövrəsi qoyulmuşdur.
Şamil kişi və Məsmə ana sözün həqiqi, fəlsəfi mənasında zəhmətin, saflığın, halallığın və mənəvi qəhrəmanlığın canlı timsalı idilər. Uzun illər kolxozda hesabdar kimi çalışan Şamil kişi, sanki riyaziyyatın dəqiqliyini vicdanının tərəzisinə köçürmüşdü. O, xalq malının hər qəpiyini zərrəbinlə hesablayar, dövlətin və millətin haqqını hər şeydən uca tutardı. Bu fitri dəqiqlik və sarsılmaz dürüstlük illər sonra Qərib müəllimin həm mürəkkəb elmi tədqiqatlarında, həm də yüksək dövlət idarəçiliyindəki sarsılmaz iş prinsipinə, mənəvi sütununa çevriləcəkdi.
On altı övlad- 9 oğul, 7 qız böyüdüb boya-başa çatdıran, hələ sovetlər dövründə bu böyük fədakarlığına görə "Qəhrəman ana" statusuna və qızıl ulduzuna layiq görülən Vəsmə ana isə bir tərəfdən nəhəng bir ev təsərrüfatını polad iradə ilə idarə edir, digər tərəfdən hər bir övladının tərbiyəsi və təhsili ilə bir bağban həssaslığı ilə məşğul olurdu. Onun ocaq başında pıçıldadığı, ana laylasının həzinliyi ilə yoğrulan qədim "nanaylar"ı balaca Qəribin ruhuna vətən sevgisinin ilk sarsılmaz toxumlarını səpmişdi.
Tarixin o sərt və çətin şərtləri daxilində 15 uşağı böyütmək, onları cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşdırmaq və hər birinə ali təhsil vermək əsil bir insanlıq hünəri idi. Bu fədakar valideynlərin sayəsində həmin ocaq Azərbaycanın intellektual xəzinəsinə Teymur müəllim kimi uzaq keçmişimizi vərəqləyən tarixçilər, Telman müəllim kimi rəqəmlərin dilini bilən riyaziyyatçılar, Səmayə müəllimə kimi yer kürəsinin sirlərini açan coğrafiyaşünaslar bəxş etdi. Məhz həmin ustadlar — Teymur müəllim tarixin dərin qatlarını, Telman müəllim riyazi məntiqin incəliklərini, Səmayə müəllimə isə təbiətin və coğrafiyanın tilsimlərini mənə və mənim kimi minlərlə şagirdlərinə dərindən aşılayaraq, bütöv bir nəslin ziyalı kimi yetişməsində müstəsna və şərəfli rol oynamışlar. Balaca Qərib də məhz belə bir nümunəvi, bir-birinə dayaq duran qardaş və bacı mühitində boy atmış, onların açdığı o işıqlı və elmi cığırla böyük elm yoluna çıxmışdır.
Qərib Məmmədovun uşaqlığı təkcə Ağbaba dağlarının sərt sıldırımları və soyuq bulaqları ilə deyil, həm də xalqın minillik yaddaşının zənginliyi ilə cilalanmışdı. O, qışın uzun, şaxtalı gecələrində kənd ağsaqqallarından, söz sərrafı olan aşıqlardan böyük bir maraqla dinlədiyi "Qaçaq Usuf", "Lətif şah", “Abbas və Gülgəz”, “Şah İsmayıl” kimi qədim dastanların təsiri ilə boya-başa çatırdı. Saatlarla bu ulu söhbətlərə qulaq kəsilər, qəhrəmanlıq, mərdlik və vətənpərvərlik duyğularını mənəvi dünyasına hopdurardı.
O dövrdə kənddə orta məktəb olmadığından, təhsilə gedən yol da bu dastanlardakı sınaqlar qədər çətin idi. Rayon mərkəzinə — Amasiyaya üz tutan digər kənd uşaqları kimi, Qərib də hər həftənin birinci günü anası Vəsmənin öz əlləri ilə tikdiyi, ana nəfəsi hopmuş bez çantaya kitab-dəftərini və bir həftəlik ruzisini yığıb 15 kilometrlik uzun və məşəqqətli yola düşərdi. Bütün həftəni rayonda qalıb elm öyrənən gələcəyin görkəmli alimi, şənbə günü dərsdən çıxan kimi yenidən doğma kəndi Qaranamaza tərəf qanadlanardı. Yolun yarısını at arabası ilə, qışın kəskin, adamı donduran şaxtasında xizəklə, çox vaxt isə yazın və payızın keçilməz palçığında piyada qət edərək evə çatardı. O illərin ağrı-acısı, ayaqlarının sızıltısı bu gün də həzin bir xatirə kimi qəlbindən keçsə də, məhz o məhrumiyyətlər onun xarakterini polad kimi bərkitmiş, onu həyatın hər cür çətinliyinə hazırlamışdı.
1965-ci ildə Amasiya orta məktəbini müvəffəqiyyətlə bitirib Bakıya gələrkən, onun heybəsində təkcə dərslikləri yox idi; o, həm də atasının halallığını, anasının xeyir-duasını, Qaranamazın vüqarını və ulu sazın sehrli sədalarını gətirmişdi. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya-biologiya fakültəsinə daxil oldu. 1970-ci ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirdikdən sonra, taleyini elmə bağladı.
Onun ilk əmək fəaliyyəti Kənd Təsərrüfatı Nazirliyinin Eroziya Bölməsində sadə bir laborant kimi başladı. Bu, elmin bəlkə də ən ağır, ən çox zəhmət və tər tələb edən sahəsi idi. Addım-addım ucalan alim daha sonra AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi (1972–1980), baş elmi işçi (1980–1984) və laboratoriya rəhbəri (1984–1994) vəzifələrini şərəflə keçmişdir. Tam 27 il laboratoriya divarları arasında və Azərbaycanın hər qarışını gəzdiyi çöl tədqiqatlarında tər tökərək torpağın sirrinə vaqif oldu. 1979-cu ildə namizədlik (fəlsəfə doktoru), 1991-ci ildə isə biologiya üzrə elmlər doktoru dissertasiyalarını müdafiə etdi. 1992-ci ildə professor elmi adını qazandı, 1994-cü ildə isə doğma institutunun direktoru təyin olundu.
Azərbaycan müstəqilliyinin ilk illəri tariximizin ən fırtınalı və taleyüklü sınaqlar dövrü idi. Məhz belə bir məsuliyyətli vaxtda Ulu Öndər Heydər Əliyev ölkə üçün strateji əhəmiyyət kəsb edən torpaq islahatı kimi mürəkkəb bir vəzifəni akademik Qərib Məmmədova həvalə etdi. Dahi rəhbər bu çətin işi ona etibar etmişdisə, deməli, onun həm elmi potensialına, həm də Ağbabada Şamil kişidən və Məsmə anadan aldığı o saf, sarsılmaz tərbiyəyə dərindən inanmışdı.
Tarixin elə bir dönəmi idi ki, bir çox rəhbər şəxslər vəzifə imkanlarından istifadə edib mal-mülk toplamaq həvəsinə düşürdülər. Lakin Qərib Məmmədov sarsılmaz əqidəsinə və ailəsindən gələn halallıq prinsipinə sadiq qaldı. O, vəzifənin parıltısına deyil, xalqın mülkiyyət haqqına və dövlətin ali maraqlarına xidmət edərək bu ağır missiyanı şərəflə, alnıaçıq yerinə yetirdi. I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-1997) seçilən Qərib müəllim, 1997–2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi dövlət sərhədlərinin delimitasiyası, habelə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi qlobal strateji kəmərlərin layihələndirilməsi kimi tarixi və dövlət əhəmiyyətli işlərə yüksək peşəkarlıqla rəhbərlik etdi.
Akademik Qərib Məmmədovun elmi nüfuzu çoxdan Azərbaycanın sərhədlərini aşaraq dünya miqyasına yayılmışdır. O, ABŞ-dan Fransaya, Türkiyədən Rusiyaya və bir çox Avropa ölkələrinə qədər keçirilən mötəbər beynəlxalq simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. 1998-ci ildə Fransada Ümumdünya Torpaqşünaslıq Cəmiyyətinin ömürlük üzvü, 2002-ci ildə Beynəlxalq və Rusiya Elmlər Akademiyalarının həqiqi üzvü seçilməsi onun dünya miqyaslı alim olduğunu təsdiqlədi. 2007-ci ildə isə o, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) zirvəsinə ucaldı.
Qərib Mmmədovun hazırladığı və üç dildə nəşr olunan, vizual təfəkkürlə elmi dəqiqliyin vəhdətini təşkil edən möhtəşəm "Ekoloji Atlaslar" və Azərbaycanın ilk ekoloji konsepsiyası onun elmi "vizit kartı"dır. Onun dövlət və elm qarşısındakı xidmətləri SSRİ-nin nüfuzlu V.V. Dokuçayev medalından tutmuş, müstəqil Azərbaycanın yüksək dövlət mükafatı olan "Şöhrət" ordeninə, Kembric Universitetinin "Əsrin tanınmış alimi" diplomuna və "Qızıl Kürə" Milli Mükafatına qədər böyük bir təltiflər silsiləsi ilə bəzənmişdir.
Lakin Qərib müəllimin şanlı ömür kitabında 1987-1991-ci illərin qanlı və amansız deportasiyası ən ağrılı, ən göynəkli səhifədir. Doğma qardaş-bacılarının, əzizlərinin bir gecədə ata-baba yurdu Qaranamaza həsrət qoyulması, didərginlik və qaçqınlıq taleyi onun hər zaman çiyinlərində daşıdığı mənəvi yükə çevrildi. O, Bakının, eləcə də dünyanın siyasi mərkəzlərinin ən yüksək kürsülərində çıxış edəndə belə, qəlbinin bir küncündə Ağbabadan qovulan yurdsuz qocaların və günahsız uşaqların fəryadını duyurdu. Bu didərginlik acısı, əslində, onun vətən torpağına olan sarsılmaz və sadiq bağlılığının gizli, görünməyən səbəbi idi. Bu gün də o, ən ahıl yaşında belə, o doğma yurdların — Ağbabanın sərin bulaqlarının, çiçəkli yaylaqlarının həsrəti və o yerlərə qayıdış ümidi ilə nəfəs alır.
Qərib müəllimin şəxsiyyəti haqqında onu tanıyanların dedikləri bu portreti tamamlayan ən səmimi cizgilərdir:
Kimya elmləri doktoru, professor Nazim Şəmilov: "Qərib müəllim Azərbaycan torpaqşünaslıq elmində təkcə nəzəriyyəçi deyil, həm də torpağın nəbzini tutmağı bacaran bir tədqiqatçıdır. Onun hazırladığı xəritələr və ekoloji atlaslar bizim gələcək nəsillərə qoyduğumuz ən böyük milli mirasdır. O, rəhbərlik etdiyi kollektivdə hər zaman alim ləyaqə anlayışını hər şeydən uca tutub."
Biologiya elmləri üzrə fəlsəfə doktoru, dosentRüxsarə Adilqızı: "Biz Qərib müəllimdən təkcə torpağın tərkibini, ekologiyanın qanunlarını öyrənmədik. Biz ondan auditoriyada həm də vətəndaşlıq dərsi, ziyalı ləyaqəti dərsi aldıq. O, hər bir tələbəsinə bir ata qayğısı ilə yanaşır, bizə elmin çətin yollarında büdrəməmək üçün həm bilik, həm də mənəvi dayaq olur. Onun mühazirələri, şirin söhbətləri bizim üçün həm də Ağbabanın, Qərbi Azərbaycanın unudulmaz tarix dərsləridir."
Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, Qərbi Azərbaycan tarixi üzrə araşdırmaçı-alim Nazim Mustafa: "Ağbaba elatı üçün Qərib Məmmədov sadəcə bir akademik deyil, o, bizim sönməyən ocağımız, Bakıdakı vüqarımızdır. O, ən yüksək vəzifələrdə olanda da, dünya kürsülərindən çıxış edəndə də Ağbabanın sadə kəndlisini, Qaranamazın havasını unutmadı. Onun əlindəki qələm nə qədər elmin xidmətindədirsə, ruhundakı saz bir o qədər bu yurdun həsrətindədir. Qərib müəllim bizim didərgin düşmüş ruhumuzun təsəllisi, ucalan mənəvi bayrağımızdır."
Millət vəkili, siyasi elmlər elmlər doktoru Hikmət Babaoğlu: "Torpaq islahatlarının ən çətin illərində Qərib Məmmədovun prinsipiallığı və dürüstlüyü dövlətimiz üçün bir sipər oldu. Ulu Öndərin ona olan etimadını o, hər bir kəndlinin haqqını qorumaqla, hər qarış torpağın xəritəsini vicdanla cızmaqla doğrultdu. O, vəzifəni xidmətə, alim adını isə uca bir rütbəyə çevirməyi bacaran nadir şəxsiyyətlərdəndir."
Bu gün Qərib müəllim gənclik enerjisi ilə çalışmağa, yaratmağa davam edir. Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müdiri və AMEA-nın müşaviri kimi gənc nəslə təkcə torpağın elmi qanunlarını deyil, həm də uzaqlarda qalan, amma hər an yaşayan "Ağbaba dastanını" danışır. O dastanı ki, orada Ağbabanın qarlı dağları boylanır, orada Şamil kişinin halallığı və Məsmə ananın laylası hələ də əks-səda verir.
Bu gün Qərib müəllim bir nəslin baş tacı, nəvələrinin, nəticələrinin sevimlisi və bütün Ağbaba elinin iftixar etdiyi ağsaqqaldır. O, torpağın gizli dilini bilən ustad, sazın tellərində vətəni yaşadan sənətkar ruhlu alim və dövlətinə hər zaman sadiq qalan böyük şəxsiyyətdir. Onun ömür yolu sazın ləngərli və vüqarlı “Ruhani” havası, torpağın əbədi bərəkəti və bir ailənin təmiz adı üzərində qurulub.
Bu günlərdə ömrünün 80-ci ilinə, müdriklik zirvəsinə qədəm qoyan bu ulu çinarı ürəkdən təbrik edirik. Səksəninci aşırımın ucalığından geriyə baxanda görünən mənzərə sadəcə keçilmiş illər deyil, halallıqla yoğrulmuş, elm və dövlətçilik eşqi ilə naxışlanmış bir fəzilət dastanıdır.
Üzümü Ağbabanın ulu çinarına tutub deyirəm:
Sizin dövlət tərəfindən aldığınız orden və medallar, fəxri adlar bir tarixin rəsmi səhifəsidir, ana südü kimi halal haqqınızdır. Bir də qazandığınız elə sərvət var ki, onu nə fərmanla, nə də sərəncamla əldə etmək mümkün deyildir. Bu mükafat el məhəbbəti, millət sevgisi və ulu saza, müdrik sözə, ana torpağa bağlılıqdır ki yüz illərlə nəsillərin yaddaşında, qəlbində yaşayacaqdır.
Bu gün Siz təkcə bir alim kimi deyil, varlığı ilə elimizə-obamıza şərəf gətirən, ömrünü Azərbaycan torpağının sirlərinə və elmin zirvələrinə həsr etmiş əsl Vətən ziyalısı kimi şərəfli bir adın sahibisiniz.
Siz illərdir Azərbaycanın torpaq xəritəsini çəkir, hər qarışın dəyərini elmi dühanızla sübut edirsiniz. Amma bilirəm ki, Sizin qəlbinizin ən dərin guşəsində hər hansı bir xəritəyə sığmayan, hər zaman sızıldayan bir yurd yeri — doğma Ağbaba niskili yaşayır. O yerlərin havası, suyu, hər daşı Sizin üçün sadəcə bir tədqiqat obyekti deyil, uşaqlığınızın, gəncliyinizin və ruhunuzun sığındığı bir limandır.
Ağbaba dağlarının vüqarı Sizin xarakterinizdə, o yerlərin təmiz havası isə ziyalı saflığınızda yaşayır. Bu gün Siz Azərbaycan elminin zirvəsində dayansanız da, ruhunuzun o uca yaylaqlarda, dumanlı dağlarda dolaşdığını hiss edirəm. Arzu edirəm ki, o torpaqların həsrəti tezliklə vüsal ilə əvəzlənsin, o yerlərin ətri Sizin elmi yaradıcılığınıza yeni nəfəs versin.
Sizə şair ömrü qədər mənalı, ulu dağlar qədər vüqarlı bir ömür arzulayıram. Torpağı öyrənən və torpaq qədər əziz olan insan, ömrün 80-ci ilində doğru atdığınız addımlar mübarək olsun! Qəlbinizdəki yurd həsrətinin yerini hər zaman xalq sevgisi və yaradıcılıq sevinci tutsun.
Arzu edirik ki, Ağbabanın dağ vüqarı və torpağımızın tükənməz bərəkəti Sizin müdrik ömrünüzə hər zaman yoldaş olsun, ruhunuzun sədası ulu sazın tellərində həmişə gümrah səslənsin! Sizin varlığınız Azərbaycan ziyalılığının və Ağbaba elinin sönməz iftixarıdır!
Dərin hörmət və ehtiramla,
Şəmsi Qoca