“İranda etirazların səbəbi məlumdur: sosial-iqtisadi vəziyyət, sanksiyalar səbəbindən İran valyutasının sürətlə dəyər itirməsi. O, dünyada ən yüksək inflyasiyanın olduğu məkanlardan biridir. Hər dəfə də görürük ki, İrandakı etirazların hakimiyyətin devrilməsi ilə nəticələnməsini istəyən qüvvələr var”.
Bu sözləri “Yeni Sabah”a şərqşünas-yazar Kənan Rövşənoğlu deyib.
Onun sözlərinə görə, İrandakı aksiyalar daha çox etnik kürdlər və lurların yaşadığı vilayətlərdə özünü göstərməkdədir:
“İğtişaşalar daha çox İlamda, Abadanda qeydə alınır. Bu ərazilər İran daxilində separatizmə daha meyllidir. Azərbaycan vilayətlərində ciddi və şiddətli etirazlar yoxdur. Düşünürəm ki, bu, daha çox Məsud Pezeşkianla bağlıdır. Çünki azərbaycanlıdır və belə görünür ki, azərbaycanlılar prezidentə görə çox da etiraza meylli deyil. Bu, ciddi amildir.
Ümumiyyətlə, İran cəmiyyəti etiraza, təşkilatlanmağa meylli cəmiyyətdir. Xüsusən, indiki sosial-iqtisadi vəziyyətdə etirazların baş verməsi gözlənilən idi. 2017, 2019 və 2022-ci illərdə müxtəlif səbəblərdən bənzər aksiyalar baş vermişdi. Bunların hər birinin başlıca sosial-iqtisadi səbəbləri var. Daha sonra isə kürd, ərəb və lorların separatist istəklərini qeyd etmək olar. Digər tərəfdən, İranda müəyyən monarxist kütlələr var ki, onlar rejimin dəyişməsini istəyir”.
K.Rövşənoğlu vurğulayıb ki, İranda sistemli və mütəşəkkil müxalif güc yoxdur:
“İrandakı solçu qruplar monarxistləri birmənalı şəkildə dəstəkləmir. Onların demokratlarla münasibətləri heç də yaxşı deyil. Qərbin dəstəyi daha çox monarxistlərə yönəlikdir. ABŞ və İsrail həmçinin İran daxilindəki etnik separatizmi də dəstəkləyir. Lakin pərakəndəlik var. Ən əsası isə İranda mərkəzi hakimiyyət möhkəmdir. Müasir inqilabların təcrübəsi onu deməyə əsas verir ki, hakimiyyət dəyişikliyi olması üçün bir neçə başlıca şərt var. Etirazlar kütləvi və davamlı olmalı, hakimiyyət daxildən parçalanmalıdır. Görünən odur ki, hazırda İranda hakimiyyət monolitdir”.
Xatırladaq ki, İranda iqtisadi böhran fonunda dekabrın 28-dən etiraz aksiyaları davam edir.
Nazim Hacıyev
Telegram kanalımız