AZ

ABŞ Maduronu illər əvvəl qaçırmaq istəyirmiş - VİDEO

ABŞ-də istehsal olunan və “Amazon Prime”da yayımlanan “Jack Ryan” adlı  məşhur serilal hələ bir neçə il əvvəl Birləşmiş Ştatların Venesuelaya göz dikdiyini, Vaşinqtonun bu ölkəyə müdaxilə edəcəyini ekranlara daşıyıb.  

“Yeni Sabah”ın xəbərinə görə, serialda Venesuelaya “batmış dövlət” adı verilib və Nikolas Maduro “Nikolas Reyes” adlı obraz vasitəsilə canlandırılıb.

Ekran əsərinin Venesuela məsələsi əsas süjet xətti kimi götürülən bölümündə ölkənin neft və qızıl yataqlarından danışılır, ABŞ üçün ən böyük təhdid olduğu mesajı verilir, Rusiya və Çin amilinə toxunulur. 

Tom Klensinin roman qəhrəmanından ekranlaşdırılan və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) analist kimi çalışan Cek Rayanın yaşadıqlarınından bəhs edən serial 2-ci sezonunda əsasən Venesuela mövzusuna fokuslanıb.

Hollivudun tanınmış simalarından Con Krasinskinin baş rolda olduğu serialda Venesuela ABŞ üçün ən böyük təhdid kimi təqdim edilir.

İkinci sezonda hadisələr Venesueladakı prezident seçkiləri ətrafında cərəyan edir. Belə ki, həmin sezonda ölkədə avtoritar meyllər göstərən idarəetmə mövcuddur və seçkilərin ədalətli olmadığı, müxalifətin təzyiq altında olduğu vurğulanır.

Cek Rayan seçim prosesinə xaricdən müdaxilələr və arxada gizlənmiş qaranlıq əlaqələr olduğundan şübhələnir.

“Jack Ryan”ın 2-ci sezonundakı ilk səhnəsi bir təqdimatla başlayır. Rayan CİA əməkdaşlarına təlim verir, Rusiya və Çin haqqında bir xəbəri izlədikdən sonra soruşur: “Dünya səhnəsində ən böyük təhdid sizcə hansıdır?”

Zalda əyləşənlər Rusiya, Çin və Şimali Koreya cavablarını verirlər. Sonra o, “Venesuela” deyir və əlavə edir:

“Hamınız Venesueladan razısınız? Təhdid yoxdur? Yaxşı. O zaman sizə sual: Bu bölgələrdən hansı planetin ən böyük neft yataqlarına sahibdir? Səudiyyə Ərəbistanı və İrandan belə çox.

Məsələn, qızıl Afrikanın bütün mədənlərindən çoxdur. Əslində Venesuela qeyd-şərtsiz olaraq dünyanın ən böyük neft və mineral qaynaqlarına sahibdir. Bəs bu ölkə niyə müasir tarixdə ən böyük insanlıq böhranlarından birini yaşayır?

Prezident Nikolas Reyes ilə tanış olun. Bu adam milli şüarlarla hakimiyyətə gəldikdən 6 il sonra iqtisadiyyatı çökdürüb. Yoxsulluq təqribən 400 faiz artıb”.

Serialda Venesuela hökuməti korrupsiyada, qanunsuz silah satışında və gizli maliyyə şəbəkələri qurmaqda günahlandırılır. 

Cek Rayan və CİA Venesuelada ortaya çıxan qanunsuz silah tədarüklərinin yalnız daxili təhlükəsizliyi deyil, ABŞ və region ölkələrini də təhdid edə biləcək bir səviyyəyə çatdığını müəyyən edir.

2-ci sezonda önə çıxan obrazlardan biri Markus Bişopdur (Covan Adepo). Bişop keçmişdə Venesuelada xidmət etmiş bir hərbçidir və bölgədəki xaosun yaratdığı nəticələri təmsil edir.

Onun hekayəsi vasitəsilə serialda siyasi böhranların yalnız dövlətlər arasında deyil, insan həyatına da dağıdıcı təsir göstərdiyi nümayiş edilir. Xalqın yaşadığı qorxu, təzyiq və qeyri-müəyyənlik fon olaraq tez-tez hiss olunur.

Serialda ölkənin vəziyyəti və seçim prosesi Nikolas Maduro obrazını yaradan Nikolas Reyes və Maçadonu təmsil edən aktivist namizəd Qloriya Bonalde vasitəsilə belə ifadə olunur:

“Bəs qarşısına kim çıxacaq? Bu, Qloriya Bonaldedir. İndi Qloriya tarix professoru olaraq aktiv sosial işləri seçib. Sosial ədalət platformasında prezidentin qarşısına çıxıb və onun gücü, mənim fikrimcə, pis niyyətli biri olmamasıdır. Analistlərin bu gün üçün verdiyi proqnoza görə, Venesuela iqtisadiyyatının tam çökmə ehtimalı 87 faizdir. Xəbərlərdə bunu “böhran” adlandırırlar, amma dünya səhnəsində buna “batmış dövlət” deyilir.

Əgər bu termini ilk dəfə eşidirsinizsə, müasir tarixdə digər batmış dövlətlərə Yəmən, İraq və Suriya daxildir. Və daha pis xəbər var. Venesuela yeni nəsil nüvə raketlərinə sahibdir və ABŞ-dən yalnız 30 dəqiqəlik məsafədədir.

Bunları xəbərlərdə görə bilməzsiniz, çünki dünya səhnəsinin ən böyük oyunçuları görməyinizi istəmir. Onlar üçün batmış dövlətlər yalnız böyük fürsət qapılarıdır. Yəni Rusiya və Çin heç vaxt daha böyük təhdid yaratmaz: Venesuela kimi ölkələr arxa qapılarını açmadığı müddətcə”.

Bundan əlavə, serialda Venesuela qlobal güclərin maraqlarının toqquşduğu bir ölkə kimi təqdim olunur.

ABŞ, onun CİA-sı və digər aktorlar rejim dəyişikliyi, seçki təhlükəsizliyi və regional sabitlik mövzuları çərçivəsində ölkədəki hadisələri yaxından izləyirlər. Bu baxımdan Venesuela serialda tək bir ölkə olmaqdan çıxır və Latın Amerikadakı balanslara təsir edən strateji bir mərkəzə çevrilir.

 Serial ümumilikdə 4 sezon davam edib və 2023-cü ildə bitib. 

Birinci sezonda Cek, əsasən, maliyyə məlumatları və bank transferləri üzərində işləyir. İlk baxışda sıradan görünən pul trafikinin əslində beynəlxalq bir terror şəbəkəsinin bir hissəsi olduğu ortaya çıxır. Bundan sonra o, ofisdə günboyu işəyən analitik olmaqdan çıxır və dünyanın müxtəlif nöqtələrində aktiv CİA agenti kimi bu sahəyə yönəldir.

İkinci sezonda Venesuela mövzusu işlənir, üçüncü və dördüncü sezonda isə CİA daxilində güc mübarizələri və Rusiyaya bağlı təhdidlər ön plana çıxır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
73
yenisabah.az

1Mənbələr