Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 7-nə keçən gecə Müdafiə Qüvvələrinin bölmələrinin Rusiya Federasiyasının Belqorod vilayətində, Kotel kəndi yaxınlığında yerləşən “Oskolneftesnab” neft anbarına zərbə endirdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, qurumun məlumatına görə, sözügedən obyekt rus ordusunun yanacaqla təminatında istifadə olunurdu. Zərbələr nəticəsində neft çənlərinə ciddi ziyan dəyib və anbar ərazisində genişmiqyaslı yanğın baş verib.
Baş Qərargah həmçinin Rusiya ordusunun logistikasını pozmaq məqsədilə Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində 20-ci Motoatıcı Diviziyasına məxsus logistika anbarına da zərbə endirildiyini açıqlayıb. Hər iki hücum üzrə dəymiş ziyanın həcmi hazırda dəqiqləşdirilir.
Bundan əlavə, ilkin qiymətləndirmələrə əsasən, Rusiya Federasiyasının Yaroslavl vilayətində yerləşən “Temp” strateji ehtiyat neft anbarında iki ədəd RVS-5000 tipli şaquli saxlama çəninin zədələndiyi müəyyən edilib.