Bakı, 7 yanvar, AZƏRTAC
Azərbaycan dili qədim və zəngin tarixə, dərin ənənələrə, rəngarəng dil faktlarına, inkişaf etmiş fonetik, leksik və qrammatik quruluşa, eləcə də əhatəli üslub imkanlarına malikdir. Məhz bu xüsusiyyətlər Azərbaycan dilini milli kimliyimizin əsas sütunlarından birinə çevirir. Prezident İlham Əliyevin ana dilinə göstərdiyi xüsusi diqqət də bu həqiqətdən qaynaqlanır. Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində bu məsələyə münasibətini belə ifadə etdi: “Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik”.
Prezident İlham Əliyevin dil siyasətində ana dilini bilmək, onu dərindən öyrənmək və gündəlik həyatda qorumaq mühüm yer tutur. Dövlət başçısı müsahibəsində Azərbaycan dilinə qayğı, ehtiramla yanaşmağın, onun saflığını qorumağın və inkişafına məsuliyyətlə yanaşmağın vacibliyini vurğuladı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü söyləyib. Onun sözlərinə görə, dilimizin saflığının qorunması, ədəbi dil normalarına əməl olunması məsələsi son dövrlərdə xüsusi aktuallıq kəsb edir və daim diqqət mərkəzində saxlanılır. Ana dilinin saflığı və təmizliyi uğrunda mübarizədə Prezident İlham Əliyev tək deyil. Dilin təəssübünü çəkən, onun saflığını qoruyan dilçi alimlər də bu prosesdə fəal iştirak edirlər.
Təranə Şükürlü vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan ədəbi dilinin inkişafı tarixində tamamilə yeni bir mərhələnin əsasını qoyub. Onun fikrincə, dövlət başçısının lüzumsuz işlədilən əcnəbi söz və ifadələrdən dilimizin təmizlənməsi ilə bağlı mövqeyi cəmiyyətdə ciddi bir çağırış və məsuliyyət hissi yaradır. Prezident ana dilinin saflığını qorumağı, onun gələcək inkişaf taleyi barədə düşünməyi və bu məsələyə həssas yanaşmağı vacib sayır. Ölkədə xarici dillərin öyrənilməsinə münasibətdə də Prezident İlham Əliyev balanslı və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçısı bu mövzuda bildirdi: “Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq”.
Alim bildirib ki, Prezident İlham Əliyev Azərbaycan dilinin inkişafında və təbliğində şəxsi nümunə göstərir. Onun dil siyasətində ana dilinə hörmət, onun inkişafına qayğı və cəmiyyətdə ana dilinin nüfuzunun artırılması əsas yer tutur. Çünki ana dili xalqın tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin və milli kimliyinin ən dolğun ifadəçisidir.