ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.
Bakının Yasamal rayonunda iki nəfər arasında pul borcu üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Əsəd tanışı Bəhruz (adlar şərtidir – red.) ilə mübahisə edib. Pul borcu üstündə yaranan mübahisə zamanı Əsəd Bəhruza xəsarət yetirib. Hadisəni törədən Əsədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əsəd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Bəhruzu tanıyır: “Həmin müddətdə aramızda normal münasibətlər olsa da, təxmini məlum hadisədən bir ay əvvəl Bəhruz məndən borca aldığı 100 manat məbləğində pul vəsaitini qaytara bilmədiyi üçün aramızda narazılıq yarandı. Hadisə günü saat 08:00-da Bəhruza borca verdiyim 100 manat məbləğində pul vəsaitini ondan geri götürmək məqsədi ilə onun yaşadığı evə gəldim. Bəhruz məni evinə dəvət etdikdən sonra bu dəfə də pulu qaytara bilmədiyi üçün aramızda münaqişə yarandı. Bu zaman sağ əlim ilə onun sağ üz nahiyəsindən bir dəfə vurdum. Sonra oradan getdim. Sonradan məlum oldu ki, Bəhruz barədə polisə şikayət edib”.İş üzrə zərərçəkmiş Bəhruz ifadəsində göstərib ki, evində tanışı Əsəd tərəfindən döyülməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-ci polis bölməsinə şikayət edib. Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.