“Mançester Yunayted”in sabiq baş məşqçisi Ole-Qunnar Sülşer klub rəhbərliyi ilə mümkün qayıdışı ilə bağlı danışıqlar aparıb.
Msport.az xəbər verir ki, Ruben Amorimin istefasından sonra “qırmızı şeytanlar” mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək müvəqqəti baş məşqçi təyin etməyi planlaşdırır.
Premyer Liqada “Bernli”yə qarşı növbəti oyunda komandanı Darren Fletçer çalışdıracaq. Ona Conni Evans kömək edəcək. Sülşer mövsümün sonunadək daha uzunmüddətli müvəqqəti baş məşqçi postu üçün əsas namizədlərdən biridir. Klub eyni zamanda digər variantları da nəzərdən keçirir. Bununla belə, “Mançester Yunayted” rəhbərliyi ilkin mərhələdə Fletçerə tam dəstək verir.
Qeyd edək ki, Ole-Qunnar Sülşer 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına qədər “Mançester Yunayted”i çalışdırıb. O, əvvəlcə müvəqqəti baş məşqçi kimi işə başlayıb. Bu dövrdə komanda iki mövsüm ardıcıl Premyer Liqanı ilk “4-lük”də başa vurub və 2021-ci ildə Avropa Liqasının finalına yüksəlib.