İstanbul, 7 yanvar, Günel Karatepe, AZƏRTAC
Prezident İlham Əliyevin yerli televiziyalar verdiyi müsahibədə Azərbaycanla bağlı çox mühüm mövzulara toxunulub. Bu mövzular arasında diqqət çəkən məsələlərdən biri də Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən 12-ci Zirvə görüşündə üzv ölkələr arasında hərbi əməkdaşlıqla bağlı irəli sürülən təklif oldu. Məlum olduğu kimi, Prezident İlham Əliyev Qəbələdə təşkil olunan bu toplantıda türk dövlətləri arasında hərbi əməkdaşlığın gücləndirilməsini və birgə hərbi təlimlərin keçirilməsini təklif edib. Bu təklifin əsaslandırılması kimi isə beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulduğu və dövlətlərin sabitliyinin təhdid edildiyi müasir dövrdə təhlükəsizlik təmin olunmadan inkişafın mümkün olmadığı fikrini irəli sürüldü.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, Türk dünyası üzrə mütəxəssis Mehmet Yücə ifadə edib.
O, xatırladıb ki, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev nümunə kimi Azərbaycan ilə Türkiyə arasında mövcud olan dərin əməkdaşlığı göstərib: “Bu modeli TDT ölkələrinə tövsiyə edən Prezident Əliyev, 2026-cı ildə Azərbaycanda təşkilata üzv ölkələrin birgə hərbi təlimlərinin keçirməsini də təklif edib. Cənab İlham Əliyev yerli media ilə görüşündə də bu məsələyə yenidən toxunaraq, müasir dünyada təhlükəsizliyin və gücün həlledici amilə çevrildiyini, bu yanaşmanın qarşılıqlı dəstək və müdafiə potensialının artırılmasını hədəflədiyini vurğuladı. Prezidentin bu təklifi müasir dövrün reallıqları ilə üst-üstə düşür”.
Professor qeyd edib ki, Prezidentin bu fikti, müasir beynəlxalq sistemin normativ qaydalardan daha çox güc balanslarına əsaslanan bir struktura çevrildiyi barədə realist yanaşma ilə izah edilə bilər. Beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunması, yəni beynəlxalq hüquq normalarının hamı üçün bərabər və ardıcıl deyil, bəzi dövlətlər üçün tətbiq edilib digərləri üçün görməzdən gəlinməsi, regional münaqişələrin yayılması və böyük güclər arasında rəqabətin sərtləşməsi dövlətləri təkbaşına müdafiə əvəzinə ortaq caydırıcılıq mexanizmləri axtarmağa sövq edir. İlham Əliyevin “qarşılıqlı dəstək və müdafiə potensialının artırılması” ifadəsi bu kontekstdə türk dövlətləri arasında institusional hərbi koordinasiyaya olan ehtiyacın açıq bəyanıdır.
Bu yanaşmanın müdafiə mərkəzli strateji düşüncəni əks etdirdiyini vurğulayan şərhçi deyib: “Prezident Əliyev gücü məqsəd deyil, vasitə kimi dəyərləndirir. Hərbi potensialın ədalət, məsuliyyət və beynəlxalq sabitlik prinsipləri ilə məhdudlaşdırılmasının vacibliyini xüsusi olaraq vurğulayır. Bu məqam Türk Dövlətləri Təşkilatını klassik hərbi bloklardan fərqləndirən mühüm amil kimi qiymətləndirilə bilər. Təklif olunan model NATO-ya bənzər sərt kollektiv müdafiə mexanizmindən daha çox, birgə təlimlərə, doktrina uyğunluğuna, müdafiə sənayesi əməkdaşlığına və böhran dövrlərində siyasi-hərbi koordinasiyaya əsaslanan çevik təhlükəsizlik arxitekturasını nəzərdə tutur”.
O, bildirib ki, strateji baxımdan bu təklif türk dünyasının geosiyasi subyektləşmə prosesində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Enerji xətləri, nəqliyyat dəhlizləri və rəqəmsal infrastruktur kimi kritik sahələrin təhlükəsizliyi artıq təkcə milli deyil, ortaq taleyə çevrilib. Prezident Əliyevin irəli sürdüyü təklif bu sahələrin qorunmasını təmin edəcək ortaq caydırıcılıq və etimadquruculuğu mexanizmlərinin əsasını formalaşdırır. Bu baxımdan sözügedən çağırış qısamüddətli hərbi addımdan daha çox, türk dünyasının uzunmüddətli strateji inteqrasiyası istiqamətində rasional və zamanlaması düzgün təhlükəsizlik doktrinası təklifi kimi dəyərləndirilməlidir: “Nəzərə almaq lazımdır ki, mövcud qlobal konjonkturada belə bir formalaşma qaçılmazdır. Təcrübəli və müdrik lider İlham Əliyevin bu təklifinin TDT çərçivəsində konkret addımlarla reallaşdırılması üzv ölkələrin təhlükəsizliyi və sabitliyi baxımından böyük əhəmiyyət daşıyacaqdır. Çünki geostrateji baxımdan olduqca mühüm mövqedə yerləşən Türk dövlətlərinin regional və qlobal güclər qarşısında ciddi risk və təhdidlərlə üzləşdiyi reallığı gözardı edilməməlidir”