AZ

“Xalq Prezidentə siqnal göndərməlidir!” - Qüdrət Həsənquliyevdən ÇAĞIRIŞ

Bakı Metropolitenində məsafəyə uyğun ödəniş sistemi həyata keçiriləcək. Hazırda vahid tarif modeli tətbiq olunsa da, məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində təhlillər aparılır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında deputat Qüdrət Həsənquliyev bildirdi ki, əhalinin sosial vəziyyətini daha da ağırlaşdıran istənilən qərardan hökumət çəkinməlidir və problemin həlli üçün real islahatlara ehtiyac var.

Qüdrət Həsənquliyevin sözlərinə görə, mövcud vəziyyətdən çıxış yollarından biri şəffaflığın artırılmasıdır.

Deputat hesab edir ki, Bakı metropoliteninin fəaliyyəti ictimaiyyət üçün daha açıq olmalı, maliyyə xərcləri və idarəetmə mexanizmləri cəmiyyətə aydın şəkildə təqdim edilməlidir. O, metronun özəlləşdirilməsi məsələsinin də müzakirə predmeti ola biləcəyini qeyd etdi.

Millət vəkili vurğuladı ki, paralel olaraq yoxsul və aztəminatlı təbəqənin dövlət tərəfindən sosial müdafiəsi gücləndirilməlidir. Onun fikrincə, iqtisadi islahatlar aparılmasa, sosial vəziyyət getdikcə daha da ağırlaşacaq və bu, ciddi problemlərə yol aça bilər.

Qüdrət Həsənquliyev qeyd etdi ki, yaranmış vəziyyətlə bağlı cəmiyyət də passiv qalmamalıdır:

“İnsanlar sosial vəziyyətlərinin ağırlaşması ilə bağlı prezidentə siqnallar göndərməli, müraciətlər etməlidirlər. Bu məsələ yalnız jurnalistlərin və ya siyasətçilərin üzərinə düşməməlidir”.

Deputatın sözlərinə görə, hökumət əmin olsa ki, cəmiyyətdə real narazılıq var, islahatlara getmək məcburiyyətində qalacaq. O hesab edir ki, yalnız ictimai təzyiq və açıq mövqe nəticəsində sosial-iqtisadi problemlərin həlli mümkün ola bilər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
112
3
redaktor.az

4Mənbələr