ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Space TV”də yayımlanan “Gəl danış” proqramında aparıcı Amil Xəlilin səsləndirdiyi fikirlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Aparıcı bölgələrdə yaşayan ailələrin övladlarını, xüsusilə qızları Bakıda yerləşən universitetlərə göndərməsini tənqid edib, bunu sosial və mənəvi problemlərlə əlaqələndirib.
Sitat: “Mən demirəm ki, Bakıda oxumaq qadağan olunsun. Amma bir gün geyiminizi dəyişin, gecə şəhərə çıxın və görün nələr baş verir. Biabırçılıqdır”.
Rayonlardan Bakıya təhsil almağa gələn gənclərlə bağlı vəziyyət həqiqətən də belədirmi? Çıxış yolu nədir?
Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, bu cür açıqlamalar zamanı emosionallıqdan uzaq durmaq və son dərəcə diqqətli olmaq vacibdir:
“Gənclərin öz regionlarındakı universitetlərdə təhsil almasının təşviq edilməsi ilə müəyyən mənada razıyam və bu istiqamətdə addımlar atıla bilər. Bu, həm Bakıda tıxacların azalması baxımından əhəmiyyətlidir, həm də ailələr üçün daha rahatdır. Lakin valideynlərə qızlarını Bakıya göndərməmək barədə çağırışlar düzgün deyil. Eyni zamanda paytaxta gələn bütün tələbələrin guya xoşagəlməz işlərlə məşğul olması fikri də əsassızdır. Belə ümumiləşdirmələr yanlışdır və cəmiyyət bunu haqlı olaraq narazılıqla qarşılayır”.
Ceyhun Məmmədov
Deputat bildirib ki, xüsusilə ictimai şəxslər bu mövzuda danışarkən məsuliyyətli olmalı, ümumi cəmiyyətə şamil etməməlidirlər:
“Ayrı-ayrı fərdi hadisələr ola bilər, lakin onları bütün insanlara aid etmək yanlış və təhlükəli yanaşmadır. Bu, ciddi bir məsələdir və səthi yanaşma yolverilməzdir. Ona görə də belə çıxışlarda hər kəs maksimum ehtiyatlı olmalıdır”.
Ləman İmran
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.