AZ

Şəhərsalma və memarlıq: Multikulturalizmin səssiz dili

Bakı, 7 yanvar, AZƏRTAC

Şəhərsalma və memarlıq çox zaman yalnız texniki və estetik sahələr kimi qəbul edilir. Halbuki 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu anlayışlara daha geniş - sosial və mədəni müstəvidə baxmağı zəruri edir. Bu qərarın əhəmiyyəti təkcə memarlıq və urbanistika sahəsi ilə məhdudlaşmır. Şəhərsalma, əslində, cəmiyyətin dəyərlərini, sosial münasibətlərini və birgəyaşayış mədəniyyətini formalaşdıran əsas amillərdən biridir. Məhz bu baxımdan şəhərsalma multikulturalizmin ən aydın, lakin çox zaman fərqinə varılmayan ifadə formasıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tahirə Ələsgərova bildirib.

Onun dediyinə görə, multikulturalizm çox vaxt rəsmi sənədlər və siyasi bəyanatlar kontekstində təqdim olunsa da, o, gündəlik həyatımızda – yaşadığımız məhəllədə, istifadə etdiyimiz ictimai məkanlarda, şəhərin vizual simasında daha aydın görünür: “Şəhər planlaşdırılması sözlə ifadə olunmayan mesajlar verir: kimlər bu şəhərin bir hissəsidir, hansı mədəniyyətlər tanınır, fərqliliklərə necə yanaşılır?. Kanadalı şəhərsalma nəzəriyyəçisi Leonore Sandercock bu prosesi “şəhərin görünməyən dili” adlandıraraq qeyd edir ki, inklüziv və ya eksklüziv şəhər dizaynı cəmiyyətdə tolerantlıq səviyyəsini birbaşa müəyyən edir. Məhz buna görə şəhərsalmanı multikulturalizmin “səssiz dili” adlandırmaq mümkündür”.

Azərbaycanın tarixən müxtəlif etnik və dini icmaların birgə yaşadığı məkan olduğunu vurğulayan Tahirə Ələsgərova deyib ki,

bu müxtəliflik şəhərlərin memarlıq simasında da əksini tapıb:”Bakıda, Qubada, Şəkidə və digər bölgələrdə məscidlərin, kilsələrin və sinaqoqların eyni şəhər məkanında mövcudluğu uzun illər ərzində formalaşmış qarşılıqlı hörmət ənənəsinin nəticəsidir. Xüsusilə Bakı şəhərinin memarlığında Şərq və Qərb üslublarının vəhdəti, məscidlərin minarələri, kilsələrin zirvələri və sinaqoqların fasadlarının bir-birinə yaxın yerləşməsi, dinc yanaşı yaşamanın, qarşılıqlı hörmətin və tolerantlığın açıq göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri isə şəhərsalmanın multikulturalizmlə bağlı daha dərin mənasını üzə çıxarır. Şuşanın tarixi simasının bərpası zamanı dini və mədəni abidələr tarixi yerlərində yenidən canlandırılır, bu isə şəhərin yalnız daş və tikililərdən ibarət olmadığını, onun kollektiv kimliyini əks etdirdiyini göstərir”.

O diqqətə çatdırıb ki, şəhərsalma yalnız binaların və küçələrin təşkili deyil, müxtəlif mədəniyyətlərdən və dinlərdən olan insanların şəhər həyatında görünməsini təmin edən sosial prosesdir: “UNESCO-nun “Culture: Urban Future” adlı qlobal hesabatında da qeyd olunur ki, mədəni müxtəlifliyin qorunması və şəhərsalma siyasətinə inteqrasiyası dayanıqlı inkişafın əsas şərtlərindən biridir. Hesabatda vurğulanır ki, şəhər mühiti müxtəlif mədəni icmalar üçün təhlükəsiz və tanınan məkan olduqda, insanlar arasında sosial etimad artır və birgəyaşayış mədəniyyəti möhkəmlənir. Müasir şəhərsalma inklüzivlik prinsiplərinə əsaslanır və ictimai məkanların hər kəs üçün əlçatan olması bu prinsiplərin təməl göstəricisidir. Bu o deməkdir ki, şəhərsalma layihələri hazırlanarkən ibadət yerləri, mədəni fəaliyyətlər və müxtəlif sosial qrupların ehtiyacları nəzərə alınmalı, onların şəhər həyatında görünüşü təmin edilməlidir. Tanınmış sosioloq Manuel Castells də qeyd edirdi ki, şəhər məkanında ayrı-seçkilik sosial gərginliyi artırır, inklüziv şəhər modeli isə qarşılıqlı anlaşmanı və sosial birliyi təşviq edir. Beləliklə, inklüziv şəhərsalma yalnız fiziki mühitin planlaşdırılması deyil, həm də cəmiyyətin sosial və mədəni toxumasının qorunması və inkişaf etdirilməsi deməkdir”.

Tahirə Ələsgərova qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” multikulturalizmi yalnız qorunan irs kimi deyil, yaşadılan və davam etdirilən dəyər kimi təqdim etmək üçün mühüm fürsətdir. “Burada “şəhərsalma” dedikdə yalnız paytaxt nəzərdə tutulmur; eyni zamanda, digər şəhər və yaşayış məkanlarında memarlıq və planlaşdırma vasitəsilə multikulturalizmin ifadəsi nəzərdə tutulur. Yaşayış məkanları cəmiyyətin səssiz aynasıdır. Burada nəyi qəbul etdiyimizi, nəyə hörmət olunduğunu və gələcəyi necə təsəvvür etdiyimizi görmək mümkündür. Bu baxımdan şəhərsalma sözsüz danışan və gələcək nəsillərə tolerantlıq, hörmət və birgəyaşayış dəyərlərini ötürən multikultural simvoldur”, - deyə o vurğulayıb.

 

Seçilən
89
azertag.az

1Mənbələr