“Brıstikinin məktubu ziddiyyətlərlə doludur. Birinci ziddiyyət ondan ibarətdir ki, Putin Düşənbədə rəsmi şəkildə etiraf edib ki, təyyarəyə Rusiya Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemlərindən atəş açılıb. Halbuki məktubda cinayət işinin dayandırılmasına əsas səbəb kimi "hava şəraiti" və Azərbaycan təyyarəsinin Qroznıda eniş edə bilmədiyi bildirilir”.
Bu sözləri “Yeni Sabah”a Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyib.
O qeyd edib ki, AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya İstintaq Komitəsinin məktubundan əlavə, diqqəti cəlb edən başqa bir sıra ziddiyətli məqamlar var:
“İkinci ziddiyyət istintaqla bağlıdır. Məktubun əvvəlində 2 dəfə vurğulanır ki, hadisə ilə bağlı açılmış cinayət işi yekunlaşıb və istintaq tamamlanıb. Lakin daha sonra qeyd edilir ki, işin daha ətraflı araşdırılması üçün əlavə ekspertiza təyin olunub və bu ekspertiza hələ başa çatmayıb. Məktubun son cümlələrindən birində isə yenidən başlanmış cinayət işi üzrə yekun qərarın veriləcəyi bildirilir.
Rusiya İstintaq Komitəsinin rəhbərinin bir səhifəlik məktubunda bu qədər məntiqsiz və ardıcıl olmayan fikirlərin yer alması onun adekvatlığı ilə bağlı ciddi suallar doğurur”.
Politoloq vurğulayıb ki, Moskva məsuliyyət daşıyan hərbçiləri cəzalandırmaqda maraqlı deyil:
“Üçüncü ziddiyyətli məqam kompensasiyalarla bağlıdır. Çünki sığorta ödənişi edilib və sığorta kompensasiya hesab olunmur. Məktubda isə kompensasiyaların, yəni təzminatın ödənildiyi qeyd edilir. Halbuki sığorta təzminat anlamını vermir.
Ümumi qiymətləndirmə belədir ki, bu addımlarla Rusiya, bir tərəfdən, vaxt udmağa çalışır, digər tərəfdən, böyük ehtimalla məsuliyyət daşıyan şəxsləri cəzalandırmaq niyyətində deyil. Bununla belə, kompensasiya məsələsində müəyyən addımların atıla biləcəyi proqnozlaşdırıla bilər.
Əslində, vaxtın uzadılmasının nəyə hesablandığı da aydın deyil. Çünki Azərbaycan öz mövqeyindən geri çəkilmir. Azərbaycanın mövqeyi 4 əsas tələbdən ibarətdir: etiraf, üzr istəmək, təqsirkarların cəzalandırılması və təzminat. Hazırda bu dörd istiqamət üzrə fərqli irəliləyişlərin şahidi oluruq”.
Qeyd edək ki, AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfinin cinayət işinə xitam verməsinə dair Azərbaycana göndərilən sənədin fotoları yayılıb. Sənəddə iddia edilir ki, AZAL təyyarəsi əlverişsiz hava şəraiti ucbatından Qroznıda eniş edə bilməyib və yerə çırpılıb. Buna görə də Rusiya İstintaq Komitəsi rcinayət işinə xitam verilib.
Nazim Hacıyev
Telegram kanalımız