Bakı, 7 yanvar, AZƏRTAC
Bu gün dördüncü sənaye inqilabının baş verdiyi dünyamızın transformasiyası fonunda inkişaf etmiş dövlətlər formalaşmaqda olan yeni düzənin əsas subyektləri olmaqla öz yerlərini müəyyənləşdirmək və maraqlarını təmin etmək istəyirlər. Azərbaycan da öz növbəsində Cənubi Qafqazın lokomotiv dövləti olaraq öz məsuliyyətini tam aydın şəkildə dərk edir, davamlı olaraq inkişaf edir, ardıcıl çoxvektorlu xarici siyasət nümayiş etdirir. Bu cür davamlı inkişafın kökündə isə ölkə daxilində hər bir sahəni əhatə edən proqramlar, uğurlu sosial-iqtisadi layihələr, o cümlədən müasir dövrün tələblərinə cavab verən media islahatları dayanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev hər zaman azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması, demokratik inkişafın təmin edilməsi istiqamətində çox böyük işlər həyata keçirib. Son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bugünkü dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir. Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verir.
“Bildiyimiz kimi, yanvarın 5-də dövlət başçısı yerli televiziya kanallarının nümayəndələri ilə görüş keçirdi, həm 2025-ci ilin sosial-iqtisadi, siyasi nəticələrinə, həm də 2026-cı ildə dövlətimizin və xalqımızın qarşısında duran vəzifələrə, yeni çağırışlara, istər ölkədə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə dair müsahibə verdi. Görüşün, demək olar ki, 3 saat davam etməsi bir daha dövlət və 4-cü hakimiyyət arasında münasibətlərin sağlamlaşdırılmasına, jurnalistikamızın peşəkarlığının inkişafına yönəlmiş hadisə kimi qiymətləndirilir. Artıq ənənə halını almış bu müsahibələrin keçirilməsicəmiyyət üçün, doğrudan da, çox faydalı və zəruridir. Ölkə başçısı istər daxili, istərsə də xarici siyasətin müxtəlif istiqamətlərini əhatə edən sualları cavablandırmaqla il ərzində görülmüş işlərə öz qiymətini verir. Bu çox mühüm məsələdir”, - deyə M.Əfəndiyev əlavə edib.
Həmişəki kimi dərin fikirlərlə zəngin və çoxşaxəli bu müsahibəni də bir neçə istiqamətdə dəyərləndirməyin mümkün olduğunu deyən deputat vurğulayıb: “İlk növbədə, ölkə ictimaiyyəti, hər bir vətəndaş qarşıya qoyulan hədəflərə nail olunmasında hansı istiqamətdə fəaliyyət göstərəcəyini birbaşa Prezident İlham Əliyevin nitqindən eşidir. Hökumət və onun müvafiq qurumları bu dərin məzmunlu müsahibəyə əsaslanaraq məhz qısa müddət ərzində ölkə Prezidentinə prioritetləşmiş məsələlərin həllinə dair işlərin həyata keçirilməsi üçün lazımi təkliflərini edə bilərlər. Xüsusilə, ölkə başçısının fikirləri Azərbaycanın dövlətlərarası münasibətlərdə strateji yanaşmasını, onun beynəlxalq əməkdaşlığa verdiyi yüksək önəmi və ölkəmizin Cənubi Qafqaz regionunda sülhün bərqərar olunmasına dair prinsipial mövqeyini bir daha təsdiqləyir.
Dövlətimizin başçısının “2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik” fikri bundan sonra həm ölkədaxili sabitliyin daha da möhkəmlənəcəyini, həm də dünya dövlətlərinin Azərbaycanıa regional və ikitərəfli əməkdaşlıqlarının dərinləşəcəyini deməyə əsas verir. Bu kontekstdə, Azərbaycan-ABŞ münasibətləri kontekstində müsahibə zamanı səsləndirilən fikirlər ikitərəfli əməkdaşlığın daha praqmatik və nəticəyönümlü mərhələyə daxil olduğunu göstərir. Qarşılıqlı maraqlara əsaslanan bu münasibətlər regional təhlükəsizlik, enerji və nəqliyyat sahələrində əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanın beynəlxalq etibarlı tərəfdaş imici ABŞ ilə dialoqun qarşılıqlı hörmət, konstruktiv yanaşma üzərində qurulmasına şərait yaradır və bu əməkdaşlıq Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə xidmət edir”.
M.Əfəndiyev qeyd edib ki, Prezident İlham Əliyevin nitqinə nəzər yetirdikdə Azərbaycanın regionda lider dövlət kimi mövqeyi real siyasi və iqtisadi göstəricilər fonunda əsaslandırılır. Son illər ərzində ölkənin artan geosiyasi çəkisi, iqtisadi potensialı, habelə strateji təşəbbüsləri Azərbaycanın regional proseslərdə əsas rol oynayan aktorlardan birinə çevrildiyini təsdiqləyir.
“Enerji və nəqliyyat layihələri vasitəsilə dünyanın aparıcı dövlətləri ilə formalaşan əməkdaşlıq platformaları Azərbaycanın Cənubi Qafqazda inteqrasiya və inkişaf proseslərinin aparıcı qüvvəsi olduğunu göstərir. Eyni zamanda, dövlət başçısının əldə olunan iqtisadi nailiyyətləri, eləcə də sosial sahədə görülən işləri qeyd etməsi, son yeddi il ərzində icra olunan beş sosial islahat paketinə 8 milyard manata yaxın vəsaitin xərclənməsi ilə bağlı məlumatı səsləndirməsi, zənnimcə, hər bir Azərbaycan vətəndaşının rifahı üçün həyata keçirilən ardıcıl tədbirləri hər bir vətəndaşımız üçün bir daha aydın etdi. İnanırıq ki, Azərbaycanın qarşıda duran hədəflərə nail olmasında yerli telekanallar, kütləvi informasiya vasitələri, dövrü mətbuat orqanları, bütövlükdə Azərbaycan mediası öz səylərini əsirgəməyəcək, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində bundan sonra da əzmkar fəaliyyət göstərəcəkdir”, - deyə o əlavə edib.