AZ

Böyük Qayıdış: insan mərkəzli inkişaf və dayanıqlı məskunlaşma strategiyası

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən genişmiqyaslı dövlət proqramlarından biri olan Böyük Qayıdış təşəbbüsü işğaldan azad edilmiş ərazilərdə yalnız fiziki infrastrukturun bərpasını deyil, eyni zamanda, insan resurslarının strateji planlaşdırılmasını, motivasiyasını və sosial adaptasiyasını əhatə edən kompleks inkişaf modeli kimi formalaşır. Müasir dövlət idarəçiliyi baxımından bu proqram klassik “yenidənqurma” yanaşmasından kənara çıxaraq insan mərkəzli və davamlı inkişaf prinsipinə əsaslanır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə 70 minə yaxın insanın yaşaması, çalışması və təhsil alması həyata keçirilən siyasətin real sosial nəticələr verdiyini göstərir. Keçmiş məcburi köçkünlərin 32 kənd, qəsəbə və şəhərdə mərhələli şəkildə yerləşdirilməsi bu prosesin təsadüfi deyil, planlı və idarəolunan mexanizmlər əsasında həyata keçirildiyini təsdiqləyir. Beynəlxalq təcrübədə bu yanaşma “dayanıqlı qayıdış modeli” kimi tanınır və əsas məqsəd yalnız əhalinin köçürülməsi deyil, onların yeni mühitdə uzunmüddətli və stabil yaşayışının təmin edilməsidir.

Bu fikirləri insan resursları üzrə ekspert Aytən Şıxalıyeva AZƏRTAC-a açıqlamasında söyləyib.

O bildirib ki, insan resurslarının idarə edilməsi baxımından Böyük Qayıdış proqramı xüsusi yanaşma tələb edən mərhələdir: “Burada prioritet işçi qüvvəsinin bölgələr üzrə yalnız say baxımından deyil, həm də peşə, bacarıq və potensial baxımından balanslaşdırılmasıdır. Dünya təcrübəsi göstərir ki, postmünaqişə zonalarında ən çox rast gəlinən problemlərdən biri əmək bazarında struktur uyğunsuzluğudur. Bu səbəbdən bərpa mərhələsində bacarıqəsaslı yerləşdirmə, çevik məşğulluq və regional ehtiyaclara uyğun kadr planlaması əsas alətlərdən biri kimi çıxış edir.

Bu kontekstdə iş yerlərinin açılması Böyük Qayıdışın sosial və iqtisadi dayanıqlığını təmin edən əsas faktorlardandır. Yeni yaşayış məntəqələrində sənaye, kənd təsərrüfatı, xidmət, logistika, tikinti və sosial infrastruktur sahələri üzrə yaradılan iş yerləri əhalinin bölgədə qalmaq motivasiyasını gücləndirir. Məşğulluq yalnız gəlir mənbəyi kimi deyil, eyni zamanda, insanların ictimai həyata inteqrasiyasını və sosial rolunun bərpasını təmin edən mexanizm kimi çıxış edir”.

Ekpertin fikrincə, özünüməşğulluğun təşviqi insan resursları siyasətinin strateji istiqamətlərindən biri kimi ön plana çıxır: “Kiçik ailə təsərrüfatlarının, mikro və kiçik sahibkarlıq subyektlərinin formalaşdırılması yerli iqtisadi aktivliyi artırmaqla yanaşı, əhalinin dövlət dəstəyindən asılılığını azaldır. Beynəlxalq təcrübə göstərir ki, postmünaqişə zonalarında özünüməşğulluq proqramları həm məşğulluq səviyyəsini yüksəldir, həm də icma daxilində sosial məsuliyyət və sahiblik hissini gücləndirir.

Bu mərhələdə motivasiya amili insan resursları siyasətinin əsas dayaqlarından biri kimi çıxış edir. Beynəlxalq insan resursları praktikasında sübut olunub ki, yenidənqurma dövründə maddi təşviqlərlə yanaşı, stabil məşğulluq imkanları, sahibkarlığa çıxış, peşəkar inkişaf və icmaya mənsubiyyət hissi işçi motivasiyasını daha davamlı edir. Öz biznesini quran və ya yerli istehsal prosesində iştirak edən insanlar bölgənin sosial-iqtisadi inkişafının birbaşa iştirakçısına çevrilirlər”.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, yeni mühitə köçürülən əhalinin adaptasiyası üçün ilk 6–12 ay kritik dövr hesab olunur. Bu müddətdə iş imkanlarının mövcudluğu, gəlir mənbəyinin davamlılığı və iqtisadi fəallıq insanların bölgədə qalmaq qərarını birbaşa şərtləndirir. Bu baxımdan Böyük Qayıdış çərçivəsində insan amilinin ön plana çəkilməsi strateji əhəmiyyət daşıyır. Yeni mühitə qayıdan insanlar üçün iş yeri və ya özünüməşğulluq fəaliyyəti yalnız iqtisadi vasitə deyil, eyni zamanda, özünüdəyərin, sosial statusun və gələcəyə inamın formalaşdığı əsas platformadır. İnsan resurslarının idarə edilməsində bu balansın qorunması sosial sabitliyin möhkəmlənməsinə və bölgələrin uzunmüddətli inkişafına xidmət edir.

Ekspert bildirib ki, dövlət siyasətində insan resurslarının strateji resurs kimi qəbul edilməsi Böyük Qayıdış proqramının uzunmüddətli baxışını müəyyən edir. İnsanların yeni yaşayış və əmək mühitinə uğurlu adaptasiyası, işlə təmin olunması və öz iqtisadi fəaliyyətini qurması azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılmasında həlledici rol oynayır. Əsl bərpa insanın yeni mühitdə özünü təhlükəsiz, faydalı və iqtisadi cəhətdən müstəqil hiss etməsi ilə başlayır. Böyük Qayıdış proqramının əsas gücü də məhz iş, özünüməşğulluq və insan mərkəzli yanaşmanı dövlət siyasətinin əsas xəttinə çevirməsindədir.

Seçilən
92
azertag.az

1Mənbələr