AZ

2026-nın idman paytaxtı Qazaxın AHİK-in balansında olan stadionu bərbad gündədir

2026-nın idman paytaxtı Qazaxın AHİK-in balansında olan stadionu bərbad gündədir

Qazax 2026-cı il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib, lakin mərkəzi stadionda vəziyyət narahatçılıq doğurur.

Qeyd edək ki, Qazaxın mərkəzi stadionu nə işıqlandırma sisteminə, nə də su təchizatına malikdir. Bu vəziyyət ölkənin idman siyasətinin regionlarda gənclərin sağlam inkişafı üçün göstərdiyi diqqətlə ziddiyyət təşkil edir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım həmişə gənclərə müraciət edərək yerlərdən siqnalların çatdırılmasını istəyirlər. Lakin Qazaxdan gələn siqnal narahatlıq doğurur.

Müasir arenaların tikildiyi bir dövrdə, Qazax stadionunun kommunal xidmətlərdən məhrum olması idarəetmə problemlərini ortaya qoyur. Stadion Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının balansında olsa da, bu qurum yalnız kağız üzərində idarəçilik aparır. Eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Gənclər və İdman Nazirliyi məsələyə laqeyd yanaşır. Nəticədə stadion xarabalığa çevrilir, gənclər isə idmanla məşğul olmaq əvəzinə sosial boşluq səbəbindən pis vərdişlərə yönəlir.

1978-ci ildə yaradılmış Göyəzən futbol klubu da bu vəziyyətdən əziyyət çəkir. Vaxtilə "TuranBank" tərəfindən göstərilən dəstək müəyyən canlanma yaratmış olsa da, infrastrukturun bu vəziyyətdə olması bütün cəhdləri boşa çıxarıb və nəticədə sponsorlar kluba dəstək verməkdən imtina ediblər.

İşığı və suyu olmayan stadionda həm futbol inkişafından, həm də "İdman Paytaxtı" statusundan danışmaq mümkün deyil. Ümid edilir ki, Prezidentin göstərişi ilə aidiyyəti qurumlar hərəkətə keçəcək və lazımi tədbirlər görüləcək.

Səyyar RƏHİMOV

Seçilən
28
afn.az

1Mənbələr