07 yanvar 2026-cı il tarixində Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Ərkivan qəsəbə inzibati ərazi dairəsinə daxil olan Allahyarlı kəndində səyyar-görüş qəbulu keçirmişdir.
Səyyar-görüş qəbulunda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, kənd sakinləri, media nümayəndələri iştirak etmişlər.
Qəbulu Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun giriş sözü ilə açmışdır. İcra Hakimiyyətinin başçısı ilk olaraq iştirakçıları salamlamış, səyyar qəbulun keçirilməsinin məqsəd və əhəmiyyəti barədə fikirlərini bildirmişdir. Daha sonra cənab Araz Əhmədov çıxışı zamanı Ərkivan qəsəbəsinin zəngin tarixi-mədəni irsindən bəhs etmiş, qəsəbə ərazisində yerləşən qədim qalalar, Şah Səfeh məscidi, eləcə də bölgənin elm, mədəniyyət, tibb sahələrinin inkişafında mühüm rol oynamış tanınmış ziyalılar və din xadimləri haqqında geniş məlumat vermişdir. İcra başçısı bu irsin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulamışdır.
Daha sonra söz Masallı rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Famil Cəfərova verilmişdir.
Famil Cəfərov əvvəlki səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər, Allahyarlı kəndində mövcud olan sosial-iqtisadi vəziyyət, infrastruktur durumu, eləcə də ötən dövr ərzində görülmüş işlər barədə ətraflı məlumat təqdim etmişdir.
Çıxışlardan sonra səyyar-görüş qəbulunda iştirak edən vətəndaşların müraciətləri dinlənilmişdir. Vətəndaşlar tərəfindən səsləndirilən məsələlər əsasən sosial, məişət və infrastruktur problemlərini əhatə etmiş, habelə:
1. Torpaq sahəsi ilə bağlı müraciət – müraciətçi torpaq sahəsinə dair mülkiyyət sənədlərinin mövcud olmadığını, lakin həmin torpağın vaxtilə ona verildiyini iddia edərək məsələyə baxılmasını xahiş etmişdir.
2. Yanmış fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət edilmişdir.
3. Təhsil müəssisəsinin yerləşdiyi əraziyə yaxın hissədə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə svetoforun quraşdırılması ilə bağlı təklif irəli sürülmüşdür.
4. Kənd ərazisində içməli su xəttinin çəkilməsi ilə bağlı müraciət qeyd olunmuşdur.
5. Məktəbin yaşayış məntəqəsindən uzaq məsafədə yerləşməsi səbəbindən məktəblilərin gediş-gəlişinin təmin edilməsi üçün nəqliyyat vasitəsinin ayrılması ilə bağlı müraciət edilmişdir.
6. Qəbiristanlıq ərazisində yağıntılı havalarda su yığıntılarının əmələ gəlməsinin qarşısının alınması məqsədilə əraziyə torpaq tökülməsi üçün müvafiq texnikanın cəlb olunması barədə müraciət olunmuşdur.
Hər bir müraciət Masallı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənilmişdir. Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli məqsədilə müvafiq tapşırıqlar verilmiş, bir sıra müraciətlər yerindəcə izahatlandırılmış, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülmüşdür.
Səyyar-görüş qəbulu zamanı vətəndaşların müraciətlərinə operativ və şəffaf şəkildə baxılmasının vacibliyi xüsusi vurğulanmış, bu cür qəbulların əhalinin problemlərinin yerində öyrənilməsi və həllinin sürətləndirilməsi baxımından əhəmiyyət daşıdığı qeyd edilmişdir.