Bakı, 7 yanvar, AZƏRTAC
Ötən il Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsini uğurlu siyasət kimi dəyərləndirmək olar. Dünya bazarında neftin qiymətinin müxtəlif istiqamətlərdə dəyişməsi, iqtisadi transformasiyanı qaçılmaz edib. Bun görə də Azərbaycan da öz iqtisadi sisteminin şaxələndirilməsini həyata keçirərək Çin kimi böyük iqtisadi qüdrətə malik olan ölkə ilə strateji əməkdaşlıq əlaqələri qurmağı bacardı. Hazırda Azərbaycan-Çin münasibətlərinin uğurla inkişafı hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, “Bir kəmər, bir yol” layihəsi əlaqələrin dərinləşməsində xüsusi əhəmiyyət kəsb edir.
“Hələ 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda Azərbaycan yüksək səviyyədə təmsil olunub. Rəsmi Pekinin qlobal təşəbbüsü olan “Bir kəmər, bir yol” strategiyası üzrə Azərbaycana yüksək dəyər verməsi ölkəmizin əlverişli coğrafi mövqeyi, tranzit imkanları ilə yanaşı, beynəlxalq əhəmiyyətli infrastruktur layihələrin həyata keçirilməsi ilə əlaqədar olub. “Bir kəmər, bir yol” beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan ilə Çin arasında 10 mühüm sənəd imzalandı. Sənaye, investisiya, ticarət sahələrini əhatə edən bu sənədlərin reallaşması iki ölkə arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha genişlənməsinə təkan verdi. Nəticədə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsinin həcmi 2025-ci ilin yanvar-noyabr aylarında 4,214 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 24 faiz çoxdur. Çinin Azərbaycana yatırdığı sərmayənin həcmi 1 milyard dollara yaxınlaşıb. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət fəaliyyət göstərir. Çinin “Huawei” şirkəti isə işğaldan azad edilən rayonlarda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasında aktiv iştirak edir. İqtisadi əlaqələrin inkişafı iki ölkənin inkişafında mühüm yer tutur”, - deyə deputat əlavə edib.
Çinin Azərbaycana marağının kökündə rəsmi Bakının sülh və dayanıqlı sabitlik istəyinin durduğunu deyən Sadiq Qurbanov Azərbaycanın beynəlxalq mahiyyətli infrastruktur layihələrinin Çinə ticarət əlaqələrini genişləndirərək Avropa, Baltikyanı, Cənubi Qafqaz ölkələri ilə nəqliyyat əlaqəsi yaratmağa imkan verdiyini vurğulayıb: “Təbii ki, burada Orta Dəhlizin funksiyasına da toxunmaq lazımdır. Hazırda bu dəhliz Çinə hava-su kimi lazımdır. Bu gün Çində müəssisələr külli miqdarda mal-məhsul istehsal edirlər. Avtomobil sənayesindən tutmuş kənd təsərrüfatı məhsullarına qədər istehsalını artıran Çinə Avropa bazarlarına çıxış lazımdır. Bunun üçün də Çin Orta Dəhlizi “Bir kəmər, bir yol” layihəsinin ayrılmaz tərkib hissəsi kimi görür. Yaxın gələcəkdə Çin dünya siyasətində dominant rol oynamağa başlayacaq. Dünya siyasətindəki proseslərə diqqətlə baxsaq, Çin kimi dövlətlə strateji tərəfdaşlıq Azərbaycan üçün səmərəlidir”.