AZ

Araz dəhlizi Zəngəzurla paralel strateji əhəmiyyət daşıyır -Deputat

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

Prezident müsahibəsində Naxçıvanı Türkiyə ilə birləşdirə biləcək dəmir yolunun vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın ərazisində artıq heç bir problem qalmayıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan iqtisadiyyatının həm ölkə daxilində daha sürətli inteqrasiyası, həm də xarici tərəfdaşlarla iqtisadi əlaqələrin daha da dərinləşməsi baxımından son dərəcə vacibdir.

Onun fikrincə, bu kontekstdə Zəngəzur dəhlizinin açılması mühüm strateji əhəmiyyət kəsb edir:

"Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan öz tərəfindən demək olar ki, bütün məsələləri həll edib, hazırda isə həllini gözləyən digər məsələlər də mərhələli şəkildə öz həllini tapmaqdadır. Prezidentin vurğuladığı kimi, “iki həmişə birdən yaxşıdır”".

Deputatın sözlərinə görə, regiondakı tarixi təcrübə, dövlətlərarası münasibətlərin dinamikası, eləcə də münasibətlərin zaman-zaman gərginləşən və yaxşılaşan mərhələləri nəzərə alındıqda aydın olur ki, Zəngəzur dəhlizi ilə paralel olaraq Araz dəhlizinin mövcudluğu da Azərbaycan üçün xüsusi strateji əhəmiyyət daşıyır.

"Araz dəhlizi İranın Şərqi Azərbaycan inzibati ərazisindən keçən bir marşrutdur və uzunluq baxımından Zəngəzur dəhlizindən cəmi 5 kilometr uzundur. Yəni məsafə baxımından demək olar ki, eyni dərəcədə qısa və səmərəli dəhliz hesab olunur. Məhz buna görə də bu iki dəhliz gələcəkdə həm beynəlxalq yüklərin artan həcminin daşınması, həm də nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi baxımından mühüm rol oynayacaq. Eyni zamanda, Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edən ikinci nəqliyyat kəmərinin mövcudluğu strateji üstünlük yaradır. Bütün bunlar göstərir ki, sözügedən layihələr həm nəqliyyat-logistika imkanlarının genişlənməsi, həm də iqtisadi əlaqələrin dərinləşməsi baxımından böyük strateji əhəmiyyətə malikdir. Ümid etmək olar ki, növbəti mərhələdə hər iki yol öz məntiqi nəticəsinə çataraq regionda həm sülhün, həm də iqtisadi inkişafın simvoluna çevriləcək", - deyə Hikmət Babaoğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
76
1
redaktor.az

2Mənbələr