D vitamini orqanizmdə kalsium və fosforun mənimsənilməsində mühüm rol oynayan, xüsusilə sümük və diş sağlamlığı üçün vacib hesab edilən yağda həll olan vitamindir.
Pravda.az bildirir ki, bu vitamin eyni zamanda immun sistemini gücləndirir və əzələ fəaliyyətini dəstəkləyir.
D vitamininin əsas və ən təbii mənbəyi günəş işığıdır. Günəş şüaları dəriyə düşdükdə orqanizm D vitaminini özü sintez edir. Lakin qapalı mühitdə çox vaxt keçirən, günəşə az çıxan şəxslərdə D vitamini çatışmazlığı riski arta bilər.
D vitamini azlığı halsızlıq, sümük və əzələ ağrıları, tez-tez xəstələnmə, əhval dəyişikliyi və depressiya əlamətləri ilə özünü göstərə bilər. Uşaqlarda bu çatışmazlıq raşitizmə, yaşlılarda isə sümüklərin zəifləməsinə və osteoporoza səbəb ola bilər.
Bu vitamin bəzi qidalarda da mövcuddur. Yağlı balıqlar – somon, skumbriya və ton balığı, yumurta sarısı, süd və süd məhsulları, balıq yağı, göbələk və D vitamini ilə zənginləşdirilmiş məhsullar əsas mənbələr sayılır.
Mütəxəssislər bildirir ki, gündəlik D vitamini ehtiyacını təkcə qidalarla qarşılamaq hər zaman mümkün olmur. Bu səbəbdən günəş işığından düzgün şəkildə faydalanmaq, zərurət yarandıqda isə həkim məsləhəti ilə vitamin əlavələrindən istifadə etmək tövsiyə olunur.
Əminə Bayramova