Bakı, 7 yanvar, Tamilla Məmmədova, AZƏRTAC
Son illər Düşənbənin Orta Dəhlizə marağı əhəmiyyətli dərəcədə artıb ki, bu da Trans-Xəzər istiqaməti üzrə daşımaların həcminin çoxalmasında öz əksini tapır.
Bu fikirləri AZƏRTAC-a tacikistanlı ekspert İnomullo Mirboboyev bildirib.
Onun sözlərinə görə, Bakıda keçirilən biznes-forumlar və işgüzar görüşlər zamanı dəfələrlə vurğulanıb ki, kənd təsərrüfatı və sənaye məhsulları daxil olmaqla, tacik məhsulları Orta Dəhliz üzrə tranzit daşımalarında getdikcə daha fəal istifadə edilir. Bu isə nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi üçün əlavə stimul yaradır.
Ekspert hesab edir ki, Azərbaycan tərəfdaşları ilə qarşılıqlı fəaliyyət əmtəə dövriyyəsinin və nəqliyyat axınlarının gələcəkdə daha da artırılması üçün dayanıqlı və uzunmüddətli əsas formalaşdırır. Onun fikrincə, bu, hər iki ölkənin işgüzar dairələrinin yüksək fəallığı, Tacikistanın birgə logistika layihələrinə cəlb olunması, eləcə də tranzit mexanizmlərinin təkmilləşdirilməsinə və mövcud maneələrin aradan qaldırılmasına yönəlmiş müntəzəm danışıqlarla təsdiqlənir. Ekspert vurğulayıb ki, Mərkəzi Asiya ilə Avropa arasında əsas tranzit qovşağı kimi çıxış edən Azərbaycan bu marşrutun inkişafında önəmli rol oynayır və nəqliyyat logistikası sahəsində Tacikistan üçün strateji tərəfdaşa çevrilir.
İ.Mirboboyev tacik ixracatçıları üçün ilk növbədə kənd təsərrüfatı məhsullarının daha tez çatdırılmasının vacibliyinə diqqət çəkib. O, bunu Orta Dəhlizin ənənəvi dəniz marşrutları ilə müqayisədə daha qısa daşınma müddəti təmin etməsi ilə izah edib ki, bu da Azərbaycanın strateji logistika tərəfdaşı kimi mövqelərini gücləndirir. Onun sözlərinə görə, Azərbaycanın nəqliyyat qurumlarının məlumatları marşrutun Asiya ilə Avropa arasında çatdırılma müddətini 12–18 günədək azaltmağa imkan verdiyini göstərir ki, bu da onu tacik ixracatçıları üçün xüsusilə rəqabətqabiliyyətli və cəlbedici edir.
Ekspert, həmçinin qeyd edib ki, perspektivdə Orta Dəhliz çərçivəsində Tacikistan-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi birgə infrastruktur təşəbbüslərinin həyata keçirilməsini, gömrük və tranzit prosedurlarının rəqəmsallaşdırılmasını, həmçinin iki ölkənin nəqliyyat operatorları arasında qarşılıqlı əlaqənin genişləndirilməsini əhatə edə bilər. Onun qiymətləndirməsinə görə, yükdaşımalarının artan həcmləri və Azərbaycanın regionun əsas tranzit qovşaqlarından biri kimi strateji rolu nəzərə alındıqda, bu cür əməkdaşlıq Düşənbə ilə Bakı arasında iqtisadi-ticari əlaqələrin uzunmüddətli inkişafı üçün möhkəm və dayanıqlı əsas yarada, davamlı iqtisadi artım və regionlararası əlaqələrin genişlənməsi üçün şərait formalaşdıra bilər.
Tərəfdaşlığın iqtisadi ölçüsündən danışan İ.Mirboboyev ölkələr arasında əmtəə dövriyyəsinin müsbət dinamikasına diqqət çəkib. Bildirib ki, təkcə ötən ilin yanvar–iyun ayları ərzində qarşılıqlı ticarətin həcmi 8,2 milyon ABŞ dollarına çatıb. Onun sözlərinə görə, Azərbaycanın Tacikistana ixracının strukturuna elektrik keçirici materiallar, distillə olunmuş yağ turşuları, pambıq və günəbaxan yağları, həmçinin şəkər daxildir. Eyni zamanda, Tacikistanın Azərbaycana ixracı əsasən kənd təsərrüfatı və tekstil məhsullarından, o cümlədən qurudulmuş ərik, yumurta, yerfındığı, pambıq ipliyi və digər mallardan ibarətdir. Ekspert vurğulayıb ki, qarşılıqlı ixrac uzunmüddətli iqtisadi əməkdaşlıq üçün dayanıqlı əsas yaradır.
İ.Mirboboyev qeyd edib ki, tranzit-nəqliyyat əməkdaşlığının perspektivlərinə xüsusi diqqət yetirilməlidir. O, bunu iki ölkənin daha da yaxınlaşmasının əsas istiqamətlərindən biri kimi dəyərləndirir. Ekspert hesab edir ki, dənizə çıxışı olmayan Tacikistan üçün Trans-Xəzər nəqliyyat dəhlizi vasitəsilə tacik yüklərinin Azərbaycan ərazisindən keçməsi strateji əhəmiyyət daşıyır. Onun fikrincə, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin inkişafı tacik məhsullarının Avropa və digər regionların bazarlarına çıxışı üçün əlavə imkanlar açır, ticarət axınlarının artmasına və tacik ixracatçılarının rəqabətqabiliyyətliliyinin yüksəlməsinə töhfə verir.
Ekspert 2023-cü il mayın 30-dan etibarən müntəzəm əsasda həyata keçirilən Düşənbə–Bakı birbaşa aviareysinin açılmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bu qərar ölkələr arasında işgüzar və humanitar əlaqələri asanlaşdırmaqla yanaşı, turizm sektorunun inkişafı, təhsil sahəsində təcrübə mübadiləsi və mədəni əlaqələrin genişlənməsi üçün əlverişli şərait yaradır.