AZ

Prezidentin mesajının pərdəarxası Xankəndinin statusu dəyişir

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətdə əldə etdiyi mühüm uğurları bir daha gündəmə gətirib. Dövlət başçısı il ərzində keçirilən çoxsaylı beynəlxalq zirvə və forumların, o cümlədən Xankəndi, Şuşa və Qəbələdə təşkil olunan tədbirlərin Azərbaycanın artan siyasi nüfuzunun göstəricisi olduğunu vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Zirvə görüşü və Mərkəzi Asiya platformasında tamhüquqlu üzvlük Azərbaycanın beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. 2025-ci ildə Prezidentin 20 xarici səfəri isə ölkənin regional və qlobal əməkdaşlıq mərkəzinə çevrildiyini bir daha nümayiş etdirib.

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi məqamlar 2025-ci ilin Azərbaycanın xarici siyasətində keyfiyyətcə yeni mərhələ olduğunu aydın şəkildə göstərir:

“İl ərzində keçirilən çoxsaylı beynəlxalq zirvə və forumlar, xüsusilə Xankəndi, Şuşa və Qəbələdə təşkil olunan tədbirlər postmünaqişə dövründə Azərbaycanın yalnız hərbi-siyasi deyil, eyni zamanda diplomatik və institusional gücünü nümayiş etdirən mühüm platformalara çevrilib.

Elman Telmanoğlu

Xüsusilə İƏT-in Xankəndi Zirvə görüşünün keçirilməsi mühüm siyasi mesaj xarakteri daşıyır. Bu, bir tərəfdən Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə faktiki tanınmasının göstəricisidirsə, digər tərəfdən Qarabağın artıq regional və qlobal əməkdaşlıq məkanına inteqrasiya olunduğunu sübut edir. Eyni zamanda Mərkəzi Asiya platformasında tamhüquqlu iştirak Azərbaycanın geosiyasi rolunu daha da möhkəmləndirərək onu Şərq–Qərb və Şimal–Cənub əməkdaşlıq xəttində əsas aktorlardan birinə çevirib”.

Politoloq qeyd edib ki, 2025-ci ildə Prezident İlham Əliyevin 20 xarici səfər həyata keçirməsi diplomatik fəallığın intensivliyindən xəbər verir:

“Bu səfərlər sadəcə protokol xarakteri daşımır, konkret siyasi, iqtisadi, enerji və təhlükəsizlik gündəliklərini ehtiva edir. Azərbaycan bu prosesdə təşəbbüskar tərəf kimi çıxış edir və regional sabitliyin formalaşmasında etibarlı tərəfdaş statusunu daha da gücləndirir.

Ümumilikdə, 2025-ci il Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyi, siyasi nüfuzunun artdığı və ölkənin artıq regional deyil, qlobal miqyasda söz sahibi olan dövlət kimi qəbul edildiyi bir il kimi yadda qalır. Bu nəticələr isə düşünülmüş və praqmatik xarici siyasət kursunun məntiqi göstəricisidir”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
globalinfo.az

1Mənbələr