AZ

Prezident İlham Əliyev Azərbaycanı regional qovşaq və süni intellekt mərkəzinə çevirməyi qarşıya məqsəd qoyub - Şərh

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycanın ABŞ iqtisadiyyatına sərmayələri ölkəmizin müstəqilliyi dövrünün bütün mərhələləri boyunca, xüsusilə neft sahəsinin yüksəlişi dövründə formalaşıb. Neft gəlirlərinin saxlanması üçün Dövlət Neft Fondu yaradılıb ki, onun əsas funksiyaları vəsaitlərin gələcək nəsillər üçün qorunması və makroiqtisadi təhlükəsizliyin təmin edilməsidir. ABŞ dünyanın ən böyük və ən sabit iqtisadiyyatlarından birinə malik olduğu üçün Neft Fondunun ümumi investisiyalarının təxminən 60–70 faizi dollar aktivlərinin payına düşür. Bu, kifayət qədər böyük məbləğdir və təqribən 60 milyard dollar təşkil edir. Bunun təxminən 15 milyard dolları səhmlərə yatırılıb, əsas hissə isə dövlət kreditləri və istiqrazların payına düşür ki, bu da təxminən 30 milyard dollardır. Qeyd olunanlar yalnız Neft Fondunun göstəriciləridir. Əgər Mərkəzi Bankın və SOCAR-ın aktivləri də nəzərə alınarsa, yekun rəqəm xeyli yüksək olacaq. Bundan əlavə, SOFAZ çərçivəsində ABŞ-da daşınmaz əmlaka təxminən 160–200 milyon dollar həcmində investisiya qoyulub. “Microsoft”, “Amazon”, “Apple”, “NVIDIA” kimi şirkətlərin səhmlərinə vəsait yatırılır. Mən bunu tam əsaslı hesab edirəm, çünki Amerika iqtisadiyyatı gələcəkdə də lider mövqeyini qoruyacaq.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat kafedrasının dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Emin Qəribli bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan Prezidenti yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bu investisiyaların əhəmiyyətini xüsusi vurğulayıb. “Bu gün formalaşmış müsbət münasibətlər və əldə olunmuş razılaşmalar sayəsində Zəngəzur dəhlizinin inşası kontekstində birgə layihələr müzakirə edilir. Prezident Azərbaycanın regional qovşaq və süni intellekt mərkəzinə çevrilməsini qarşıya məqsəd qoyub. Hesab edirəm ki, bu, möhtəşəm ideyadır. Bilirik ki, dövlət başçısı belə təşəbbüsləri irəli sürdükdə, onlar həyata keçirilir. Texnoloji mərkəzin yaradılması böyük həcmdə elektrik enerjisi tələb edir. Bunun yaşıl enerji olması daha yaxşı olardı və bizdə artıq müvafiq potensial mövcuddur – 2 giqavatdan çox. Bu, bizim qeyd-şərtsiz rəqabət üstünlüyümüzdür. Ölkə liderləri arasında qarşılıqlı anlaşma şəraitində bu layihə real görünür”, – deyə o bildirib.

İqtisadçının fikrincə, bu layihənin həyata keçirilməsi Azərbaycanın qlobal iqtisadiyyata yeni səviyyədə inteqrasiyasına imkan yaradacaq və ölkəni beynəlxalq elmi-texnoloji mərkəzə çevirəcək. “Bu, yeni texnoloji mərhələyə keçidi təmin edən real tərəqqi olacaq. Nəticə etibarilə, bu, strateji vəzifələrin həllinə, yəni iqtisadi artım tempinin sürətlənməsinə, iqtisadiyyatın və ixracın şaxələndirilməsinə, eləcə də ən müasir texnologiyaların tətbiqinə xidmət edəcək”, – deyə E.Qəribli fikrini yekunlaşdırıb.

Seçilən
100
azertag.az

1Mənbələr