İstanbul, 7 yanvar, Günel Karatepe, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dünya gündəminə dair olduqca mühüm məqamlara toxunub. Açıqlamalarda Azərbaycanın regiondakı geosiyasi əhəmiyyətinə xüsusi yer verilib. Burada xüsusi diqqətçəkən məqamlardan biri Azərbaycanla Ermənistan arasındakı sülhün mümkün qədər tez reallaşdırılmasının bölgə üçün əhəmiyyəti və buna bağlı olaraq açılacaq Zəngəzur dəhlizinin önəminin vurğulanmasıdır. Hər birimizə məlumdur ki, bu dəhliz Türk Dövlətləri Təşkilatı ölkələri arasında nəqliyyat kimi bir sıra strateji sahələrdə əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır. Ermənistanla paraflanmış sülh sazişi Azərbaycanın regional sabitlik və investisiya cəlbediciliyini gücləndirərək, xüsusilə ABŞ və Qərb investisiyaları üçün yeni imkanlar açır. Burada Zəfərdən sonra türkiyəli investorların da bölgəyə marağının olduqca artdığını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Orta Dəhliz və Zəngəzur dəhlizi vasitəsilə əsas tranzit və logistika mərkəzinə çevrilir ki, bu da Azərbaycanın regionlar arasında etibarlı tərəfdaş kimi körpü rolunu artırır. Həmçinin bu, tranzit həcmlərinin artması və yeni mühüm layihələrin həyata keçirilməsi baxımından olduqca mühümdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli politoloq Volkan Aydemir söyləyib.
Dövlət başçısının açıqlamalarını şərh edən ekspert deyib: “Prezident müsahibəsində Türk Dövlətləri Təşkilatının konkret addımlar ataraq, ortaq strategiya əsasında iqtisadiyyat, müdafiə kimi sahələrdə əməkdaşlıq üzrə birgə qərarlar qəbul etməsini, eləcə də koordinasiyalı şəkildə fəaliyyətini xüsusi vurğulayıb. Bu proses təbii ki, təşkilat ölkələrinin istər müdafiə sənayesi, istərsə də hərbi hazırlığı baxımında mühüm rol oynaya bilər”.
Politoloq bildirib ki, Azərbaycan Prezidentinin dünya ölkələri ilə bağlı verdiyi açıqlamalardan biri də Yaxın Şərqdəki vəziyyət və Qəzza məsələsi oldu: “Prezident Azərbaycanın humanitar yardımlarla Qəzzaya dəstək göstərə biləcəyi, lakin mövcud problemin Yaxın Şərq regionunda yerləşən dövlətlər tərəfindən həll olunmasının zəruriliyini bildirib. Dövlət başçısının Azərbaycanın orada heç bir missiyaya qatılmayacağı, vəziyyəti diplomatik yolla izlədiyi, Silahlı Qüvvələrinin isə öz vəzifə səlahiyyətləri xaricində heç bir ərazidə yerləşdirilməyəcəyini xüsusi qeyd etməsi, bunun Azərbaycan dövlətinin rəsmi siyasəti olduğunu vurğulaması dünya ictimaiyyəti və Qoşulmama Hərəkatı çərçivəsində mövqenin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Burada Azərbaycanın istər BMT, istər Qoşulmama Hərəkatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatında hər zaman Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini ifadə etməliyik. Azərbaycandakı Fələstin səfirliyinin də bu ölkənin maliyyə yardımı sayəsində fəaliyyət göstərdiyini unutmamalıyıq”.