İlham Əliyevin strateji baxışı fonunda Azərbaycan–Çin münasibətlərinin yeni mərhələsi
Ölkə Prezidenti cənab İlham Əliyevin yerli telekanallara verdiyi müsahibə çərçivəsində Azərbaycan–Çin münasibətləri ilə bağlı suala cavabından aydın görünür ki, iki ölkə arasında əlaqələr kifayət qədər dinamik şəkildə inkişaf edir. Cənab Prezidentin səsləndirdiyi fikirlər açıq şəkildə göstərdi ki, həm nəqliyyat-logistika, həm də enerji sahəsində ciddi əməkdaşlıq perspektivləri mövcuddur.
Həqiqətən də, Çin Cənubi Qafqaz regionunda etibarlı və strateji istiqamətlər üzrə real əməkdaşlıq imkanlarına malik tərəfdaş kimi məhz Azərbaycanı görür. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat-logistika xətləri Çin üçün olduqca cəlbedicidir. Son illər Çinlə Azərbaycan arasında əlaqələrin sürətlə inkişaf etməsi və əməkdaşlığın əhəmiyyətli dərəcədə genişlənməsi məhz bu amillə sıx bağlıdır.
Ölkə Prezidenti qeyd etdi ki, Azərbaycan üzərindən yükdaşımaların artımında əsas mənbə rolunu Çin oynayır. Çin Xalq Respublikası da bu reallıqdan çıxış edərək nəqliyyat arteriyalarının şaxələndirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyevin xatırlatdığı kimi, Çin Xəzər dənizinə Qırğızıstan və Özbəkistan vasitəsilə əlavə dəmir yolu xəttinin çəkilişini maliyyələşdirir. Bu fakt Orta Dəhlizin daha geniş və dayanıqlı perspektivlərə malik olduğunu bir daha sübut edir.
Prezidentin səsləndirdiyi fikirlərdən aydın olur ki, o, Azərbaycan üçün ən səmərəli və perspektivli əməkdaşlıq imkanlarını vaxtında müəyyənləşdirir və gələcək üçün uyğun addımlar atır. Belə ki, Çin tərəfindən hələ 2013-cü ildə Tarixi İpək Yolunun iqtisadi vektoru kimi irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycan Prezidenti tərəfindən ilk gündən yaxından dəstəklənmişdir. Davamlı iqtisadi inkişaf üçün bütün imkanları nəzərdən keçirən Azərbaycan bu layihənin ölkənin iqtisadi inkişafına verə biləcəyi töhfələri düzgün qiymətləndirmişdir.
Bu baxımdan, Azərbaycan Respublikası ilə sıx əməkdaşlıq Çinin Cənubi Qafqaz regionu üzrə geostrateji baxışlarında mərkəzi yer tutur. Asiya ilə Avropa arasında əsas körpü rolunda məhz Azərbaycan çıxış edir. Şübhəsiz ki, ölkəmizin bu effektiv körpü rolunu qazanması Prezident İlham Əliyevin strateji baxışlarının nəticəsidir.
Prezident həmçinin Azərbaycan–Çin münasibətlərində və əlaqələrin inkişafındakı yüksək dinamikanı xüsusi vurğuladı. Bu çərçivədə son qısa müddət ərzində imzalanmış mühüm sənədlər xatırladıldı. Belə ki, 2024-cü ilin iyulunda “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”, 2025-ci ilin aprelində isə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu sənədlər Çinin “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın aparıcı rolunu açıq şəkildə gördüyünü təsdiqləyir.
Deməli, Avropa ilə Asiya arasında iqtisadi inteqrasiyanın təmin olunmasında da Azərbaycanla əməkdaşlıq Çin üçün ən təsirli amillərdən biri kimi nəzərdən keçirilir. Ümumilikdə Çinlə Azərbaycan arasında aparılan təmasların və müzakirələrin xarakterinə baxdıqda, enerji və logistika sahələrinin əsas əməkdaşlıq istiqamətləri olduğu aydın görünür. Bu kontekstdə Çin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirməklə logistika sahəsində multimodal yükdaşımalar, enerji sahəsində isə yaşıl transformasiya istiqamətlərində əməkdaşlığa xüsusi önəm verir. Bu məqam Prezident İlham Əliyev tərəfindən ayrıca vurğulanmışdır.
Həm Çin, həm də Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını öz milli maraqları baxımından mühüm hesab edir. Çinlə nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərindən danışarkən ölkə Prezidenti Zəngəzur dəhlizi layihəsinə də xüsusi toxundu. Gələcəkdə Çindən və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi vasitəsilə daşınması imkanlarının kifayət qədər real olduğu qeyd edildi.
Bu fakt Azərbaycanın Zəngəzur dəhlizini strateji əhəmiyyətli beynəlxalq nəqliyyat-logistika arteriyası kimi dəyərləndirdiyini göstərir. Prezidentin vurğuladığı kimi, Zəngəzur dəhlizi Azərbaycan üzərindən Avropaya çıxış üçün ikinci alternativ yol olacaq. Bu isə Azərbaycan–Çin arasında nəqliyyat-logistika sahəsində daha genişmiqyaslı əməkdaşlıq imkanlarının mövcudluğunu təsdiqləyir.
Eyni zamanda, ölkə Prezidenti Zəngəzur dəhlizinin regiondan keçən mühüm nəqliyyat marşrutlarının vacib komponentinə çevriləcəyini və demək olar ki, bütün coğrafi istiqamətlər üzrə əlavə çıxış imkanları yaradacağını diqqətə çatdırdı. Nəqliyyat və enerji sahələri Azərbaycan–Çin əməkdaşlığında əsas istiqamətlər olsa da, son dövrlərdə münasibətlərin inkişaf tempi digər strateji sahələrdə də əməkdaşlıq qurmağa imkan yaradıb.
Bu baxımdan, hərbi-texniki sahə iki ölkə arasında tamamilə yeni əməkdaşlıq istiqaməti kimi çıxış edir. Prezident bu sahənin də perspektivlərinin kifayət qədər ümidverici olduğunu vurğuladı. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan–Çin münasibətlərinin mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər bir daha göstərir ki, iki ölkə arasında əlaqələr bundan sonra da qarşılıqlı maraqlara uyğun şəkildə daha da dərinləşəcək və səmərəli əməkdaşlıq mərhələsinə qədəm qoyacaq.
Elşad Mirbəşiroğlu
Siyasi elmlər doktoru Politoloq
Sozcu.info