AZ

Bu yağları ALMAYIN – Yavaş-yavaş öldürür

Marketlərdə son vaxtlar qiyməti olduqca ucuz olan kərə yağlarının satışının artması mütəxəssisləri ciddi narahat edir.

İlk baxışdan sərfəli görünən bu məhsulların əksəriyyəti təbii kərə yağı deyil, tərkibi bitki yağları, marqarin, hidrogenləşdirilmiş yağlar və müxtəlif dadlandırıcılarla zəngin olan qarışıqlardır. Bu cür məhsulların üzərində “kərə yağı” ifadəsi yazılsa da, xırda şriftlərlə göstərilən tərkib hissəsi onların sağlamlıq üçün təhlükəli olduğunu açıq şəkildə ortaya qoyur.

Eyyub Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ucuz kərə yağlarının əsas problemi istehlakçının aldadılmasıdır.

Onun sözlərinə görə, təbii kərə yağı istehsalı bahalı prosesdir və real kərə yağının qiyməti aşağı ola bilməz:

“Marketlərdə 2-3 manata satılan ‘kərə yağları’nın böyük hissəsi ya ümumiyyətlə süd mənşəli deyil, ya da normadan xeyli az süd yağı ehtiva edir. Bu məhsulların tərkibində trans yağlar var ki, onlar birbaşa insan sağlamlığı üçün təhlükə yaradır. Təəssüf ki, nəzarət mexanizmləri zəifdir və istehlakçı çox vaxt etiket oxumadan alış edir”.

Mütəxəssis vətəndaşlara yalnız etibarlı istehsalçıların məhsullarını seçməyi, etiketləri diqqətlə oxumağı və şübhəli dərəcədə ucuz kərə yağlarından uzaq durmağı tövsiyə edir.

Mövzu ilə bağlı terapevt və qidalanma üzrə mütəxəssis Lalə Məmmədova da xəbərdarlıq edib. O bildirib ki, ucuz və keyfiyyətsiz kərə yağlarının müntəzəm qəbulu ürək-damar xəstəlikləri riskini ciddi şəkildə artırır: “Bu yağların tərkibində olan trans yağlar damar divarlarında xolesterinin yığılmasına səbəb olur, ateroskleroz, infarkt və insult riskini yüksəldir. Eyni zamanda qaraciyər piylənməsi, hormonal pozuntular və həzm problemləri də yarada bilər. Xüsusilə uşaqlar və yaşlılar üçün bu cür yağların istifadəsi son dərəcə təhlükəlidir”.

Həkimin sözlərinə görə, təbii kərə yağı düzgün miqdarda istifadə edildikdə orqanizm üçün faydalı A, D, E vitaminləri ilə zəngin olur, lakin saxta məhsullar bu faydanı verməklə yanaşı, ciddi fəsadlara yol açır.

Seçilən
75
nocomment.az

1Mənbələr