AZ

“Gənc dostlarımız toylarda bizim getdiyimizi bildikləri halda, biz gəlmədən bizim minusumuzla mahnılarımızı ifa ediblər”

ain.az bildirir, Bizimyol portalına istinadən.

Müğənni Mərdan Kazımov Az TV -də yayımlanan Yeni il buraxılışında Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların çıxışı zamanı “Cavanlığım” mahnısının aranjimanından ondan icazə alınmadan istifadə edildiyini açıqlayıb. Mərdan Kazımov bildirib ki, aranjimanlarımızdan istifadə olunursa icazə alınmalıdır: “Bu bizim şəxsi mahnılarımız deyil, deyə bilmərik ki, oxumayın, amma əgər bizim aranjimanlarımızdan istifadə olunursa icazə alınmalıdır, əks halda bu hörmətsizlikdir. Biz bu mahnıları oxuyanda həmin bəstəkarların varislərindən zəng edib icazə alırıq, müqavilə bağlayırıq. Heç bir problem olmayıb, hamı icazə veribdir”.Üzxahlıq oldumu həqiqətən, yaxud olmalıdırmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına müğənni Mərdan Kazımov bildirib ki, səhərdən axşama qədər studiyada çalışırıq, aranjiman edirik: “Təəssüf ki, belə bir hal yaşandı. Mənim əsas narahatlığım o idi ki, bir neçə gün əvvəl Gülyanaq xanımın menecerlərini universitetimizdə görmüşdüm, lakin bu barədə mənə heç bir məlumat verilməmişdi. Daha sonra bildirdilər ki, mənim aranjemanım olduğunu bilməyiblər.

Bir daha qeyd edirəm: mahnının sözləri və musiqisi mənə məxsus deyil, buna görə də icazə vermək səlahiyyətim yoxdur. Amma aranjeman mənə məxsusdur və efirdə ifa olunmazdan öncə xəbər verilməsi etik olar. Sosial şəbəkələrdə bəziləri "Zeynəb Xanlarova etiraz etmir, sən kimsən?" kimi şərhlər yazıblar, amma məsələ başqadır. Böyük ehtimalla bu şərhləri yazanlar aranjemanın nə olduğunu bilmirlər. Məsələnin mahiyyətini anlayanlar isə səbəbi başa düşdülər.

Gülyaz xanım mənə zəng etdi, danışdıq və məsələni aydınlaşdırdıq. Ümumiyyətlə, kim məndən icazə istəyirsə, mən razılıq verirəm, hətta “minus” versiyalarını da göndərirəm. Halal xoşları olsun. Hamımız çörəkpulu üçün çalışırıq, bir-birimizə dəstək olmalıyıq.

Sadəcə, bu aranjimanı mən bir dostumuza vermişdim, onlar ifa edəndə dinləyib bəyəniblər və efirdə səsləndirmək istəyiblər. Dostumuz da xəbər etməyib. Ola bilər ki, düşünüb toylarda ifa edərlər. Amma efirdə səslənməsi fərqli məsələdir. Ən azı efir üçün icazə istənilsəydi, deyərdim ki, bu bizim aranjimanımızdır, qoy efirdə biz ifa edək ki, zəhmətimiz tanınsın. Toylarda, məclislərdə istifadə etmələrinə etiraz etmirəm -buyursunlar, qazanc da əldə etsinlər. Amma efir başqa məsələdir.

Bu mahnılar üzərində çox əziyyət çəkirik. Səhərdən axşama qədər studiyada çalışırıq, aranjiman edirik. Bizdə bütün alətlər canlı ifa olunur. Azərbaycanda öyrəşildiyi kimi sadəcə kompüter üzərində hazırlanan musiqi deyil - hər bir musiqi aləti ifa olunur. Maddi tərəfini bir kənara qoyuram. Bəli, Gülyaz xanım zəng etdi, məsələni aydınlaşdırdıq. Xalq artistlərimizdir, onlara hörmətimiz sonsuzdur. Sadəcə, məni məyus edən məqam odur ki, kaş əvvəlcədən xəbərim olardı. Bir neçə dəfə də olub ki, gənc dostlarımız toylarda bizim həmin toya getdiyimizi bildikləri halda, biz gəlmədən bizim minusumuzla "Qaytar eşqimi", "Cavanlığım" kimi mahnılarımızı ifa ediblər. Bu, qeyri-etik bir hərəkətdir. Kimə desəniz, bunun doğru olmadığını təsdiqləyər.”

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
icma.az

1Mənbələr