İranın cənub-qərbində yerləşən Lurdigan və Bəxtiyariyə yaşayış məntəqələrində vəziyyət gərginləşib. Kütləvi narazılıqlar zamanı bəzi qruplar silaha əl ataraq asayişi qoruyan qüvvələrə qarşı atəş açıblar.
Ən son məlumatlara görə, dörd nəfər öldüb, təxminən 37 nəfərin isə yaralandığı bildirilir.
KONKRET.az bildirir ki, məlumatı “Fars” informasiya agentliyi açıqlayıb. Agentliyin yazdığına görə, aksiyaların ən gərgin anlarında bir neçə etirazçı odlu silahlardan istifadə edib. Qarşıdurma zamanı dövlətə məxsus bir sıra inzibati binalara da maddi ziyan dəyib.
Rəsmi Tehran daha əvvəl vətəndaşların narazılıq bildirmək hüququna hörmətlə yanaşıldığını bəyan etsə də, zorakılıq halları və silahlı hücumların yolverilməz olduğunu xüsusi qeyd edib.
Xatırladaq ki, ölkədə narazılıqlar ötən ilin dekabr ayının sonunda rialın sürətlə dəyər itirməsindən sonra başlayıb. İqtisadi böhran fonunda İran Mərkəzi Bankının sədri Məhəmməd Fərzin istefa verib və bu vəzifəyə Əbdülnasir Hemmati gətirilib.
Hazırda bir neçə şəhərdə etiraz aksiyaları təhlükəsizlik qüvvələri ilə qarşıdurmalarla müşayiət olunur. Aksiyalar zamanı siyasi hakimiyyətə qarşı çağırışlar səsləndirilir və hər iki tərəf arasında itkilərin olduğu qeyd olunur.
Natiq Səlim,
KONKRET.az