London, 8 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunmasının milli kimlik və dövlətçilik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, dil milləti birləşdirən əsas amillərdən biridir və onun qorunması hər bir vətəndaşın borcudur.
Bu mövzu ilə bağlı AZƏRTAC-a fikirlərini bildirən “Bülbül” ana dili kitabının müəllifi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Londonda fəaliyyət göstərən “Qarabağ” məktəbində Azərbaycan dili müəllimi Emiliya Cəbrayılova Prezident İlham Əliyevin ana dili ilə bağlı son çıxışlarını böyük məmnunluqla qarşıladığını bildirib.
Onun sözlərinə görə, Ana dilinə verilən bu dəyəri birbaşa dövlət başçısının dilindən eşitmək hər bir azərbaycanlı üçün qürurvericidir. Emiliya Cəbrayılova qeyd edib ki, bu mövzunun dövlət səviyyəsində açıq və prinsipial şəkildə səsləndirilməsi ana dili məsələsinin ölkəmiz üçün nə qədər strateji əhəmiyyət daşıdığını bir daha göstərir. O, bildirib ki, Prezidentin bu istiqamətdə verdiyi mesajlar onu bir müəllim, dilçi və xaricdə yaşayan azərbaycanlı kimi daha da ruhlandırır:
“Bu çıxışlar bizə hiss etdirir ki, gördüyümüz işlər təkcə fərdi təşəbbüs deyil, ümummilli siyasətin bir hissəsidir. Bu, müəllimlər və diaspor fəalları üçün ciddi motivasiyadır”.
Müsahibəsində o, xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün hazırladığı “Bülbül” ana dili əlifba kitabının məhz bu yanaşmadan ilhamlanaraq ərsəyə gəldiyini bildirib:
“Xaricdə böyüyən uşaqlar üçün hazırladığım “Bülbül” ana dili kitabının dünya azərbaycanlıları arasında maraqla qarşılanması mənim üçün böyük sevincdir. Bu işi Prezidentimizin Ana dili və milli kimliklə bağlı apardığı siyasətin davamı kimi görürəm”.
Emiliya Cəbrayılova vurğulayıb ki, Ana dilinin qorunması yalnız ailə mühitində deyil, daha geniş miqyasda düşünülməlidir: “Bir Azərbaycan vətəndaşı və müəllim kimi Ana dilinin yaşadılmasını və xaricdə böyüyən uşaqlara sevdirilməsini vətəndaşlıq borcu hesab edirəm. Dilimizi, mədəniyyətimizi və tariximizi gələcək nəsillərə ötürmək hər birimizin məsuliyyətidir”.
Sonda o qeyd edib ki, Prezident İlham Əliyevin ana dili ilə bağlı son çıxışları bu sahədə fəaliyyətini daha da genişləndirmək üçün onu ruhlandırıb: “Ana dili bizim kimliyimizdir. Harada yaşamağımızdan asılı olmayaraq, bu kimliyi qorumaq hər bir azərbaycanlının ortaq vəzifəsidir”,- deyə o, qeyd edib.