Bakı, 7 yanvar, AZƏRTAC
Son illər turizm sektorunun inkişafı üçün onun infrastrukturuna həm dövlət, həm də özəl şirkətlər tərəfindən ciddi dəstək və investisiyalar həyata keçirilir. Ölkəmiz Şərq və Qərbin vəhdətini özündə birləşdirir və bu xüsusiyyət xaricdən gələn turistlər üçün həm paytaxtımızı, həm də regionlarımızı daha maraqlı və cəlbedici edir. Pandemiyadan sonrakı dövrdə turizm sahəsi ciddi çətinliklər yaşasa da, hazırda bu sahənin maksimal səviyyədə bərpası və davamlı inkişafı istiqamətində mühüm addımlar atılır.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan turizmi potensial baxımdan bir sıra qonşu ölkələrlə rəqabət aparmaq gücündədir.
“Qarabağ–Zəngəzur istiqamətində aparılan genişmiqyaslı yenidənqurma işləri fonunda turizm sahəsində görülən işlər təqdirəlayiqdir və bu, turizmin gələcək potensialı üçün möhkəm zəmin yaradır. Ölkəmizdə beynəlxalq tədbirlərin və idman yarışlarının keçirilməsi birbaşa xarici turist axınına təkan verir və Azərbaycanı turizm destinasiyası kimi daha da tanıdır. Bu baxımdan Qusarda, Şahdağ Yay-Qış Turizm Kompleksində xizək sürmə üzrə dünya çempionatının keçirilməsi mühüm hadisələrdən biridir. Bu tədbir həm idman turizminin inkişafına, həm də qış mövsümündə turizmə marağın artmasına ciddi töhfə verəcək”,- deyə Kənan Hənifəyev əlavə edib.
Ölkə turizminin inkişafı üçün dövlət müəssisələri və özəl sektorların vahid şəkildə fəaliyyət göstərməli olduğunu diqqətə çatdıran ekspert deyib: “Artıq ölkə olaraq 5 milyon turist qəbul etmək gücündə olmalıyıq. Bunun üçün həm dövlətimiz, həm iqtisadiyyatımız, həm də dayanıqlı turizmin inkişafı naminə daha səylə çalışmalı, qarşıya qoyulan tapşırıq və hədəfləri ardıcıl şəkildə yerinə yetirməliyik”.