Təcili tibbi yardım xidməti əməkdaşlarının mənzil başına vaxtında çatmaması, üstəlik təcili yardım avtomobillərinin qəzalara səbəb olması, hətta ölüm hadisələri ilə nəticələnməsi cəmiyyətdə ciddi narazılıq yaradır. Ardınca verilən açıqlama isə demək olar ki, eynidir: "Çağırışa gedirdik".
Vətəndaşlar bildirirlər ki, təcili tibbi yardıma ehtiyac yaranan zaman çağırışlara cavab çox zaman gecikir. Bəzən briqadalar bir saatdan, bəzən isə saatlar keçdikdən sonra ünvana çatırlar.
Problemlə üzləşən sakinlər mövcud vəziyyəti belə təsvir edirlər:
"Bir ay bundan öncə evimdə ağır xəstə var idi. Gecə 4-5 radələrində təcili yardıma zəng vurdum. Dedilər 15-20 dəqiqə ərzində yaxınlaşırıq. İkinci dəfə yenə zəng vurdum. Dedilər ki, Abşeron ərazisində cəmi iki maşınımız var, çatdıra bilmirik. Bir saat sonra yaxınlaşdılar".
Nəqliyyat eksperti Elməddin Muradlı isə məsələni belə şərh edib:
"Təcili yardım maşınları operativ nəqliyyat vasitəsi sayılır. Və biz də hər zaman onu təbliğ edirik ki, operativ nəqliyyat vasitələrinə digər sürücülər, hətta piyadalar yol verməlidirlər. Çünki Yol hərəkəti haqqında Qanunun tələbinə görə, hətta piyada keçidində olan piyada belə operativ nəqliyyat vasitəsi yaxınlaşanda dərhal yolu boşaldıb ona yol verməlidir".