AZ

Nepal onlarla insanın ölümünə səbəb olan filin aqibətini açıqladı

Nepal hökuməti 2010-cu illərdə onlarla insanın ölümünə səbəb olduğu bildirilən Dhurbe adlı filin hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.

Editor.az xəbər verir ki, Nepal Turizm Şurasının baş direktoru və Qandaki əyalətinin rəhbəri Mani Lamiçhane RİA Novosti-yə müsahibəsində sözügedən filin sağ olduğunu, lakin artıq hökumətin nəzarəti altında saxlanıldığını bildirib.

“Fil nəzarət olunan ərazidədir və daim izlənilir”, – deyə agentliyin mənbəyi qeyd edib.

Lamiçhane bildirib ki, Dhurbe əvvəllər nəzarətdən çıxmış vəziyyətdə olub. Lakin Nepal hakimiyyəti onu tutaraq xüsusi nəzarətə götürüb. Onun sözlərinə görə, fil artıq insanlara hücum etmir və Çitvan Milli Parkının meşələri istirahət etmək istəyənlər üçün təhlükəsiz məkana çevrilib.

Qeyd edək ki, Dhurbe adlı fil 2010-cu illərin əvvəllərində mənfi reputasiya qazanıb. Media məlumatlarına əsasən, o, yaşadığı ərazilərin yaxınlığında 10–20 nəfərin ölümünə səbəb olub. Hərbçilərin iştirakı ilə aparılan axtarış əməliyyatları isə nəticə verməyib.

2020-ci illərin əvvəllərində fillərin insanlara hücum hallarının sayı azalsa da, bu cür hadisələr tamamilə aradan qalxmayıb. 2021-ci ilin aprelində Kathmandu Post qəzeti Dhurbe’nin milli parkda kərgədanların sayımını aparan əməkdaşlara hücum etdiyini yazıb. Hadisə nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, Dhurbe insanlara qarşı aqressiv davranış göstərən yeganə fil deyil. Belə ki, 2022-ci ildə New York Post Hindistanda başqa bir filin 70 yaşlı Maya Murmanı tapdalayaraq öldürdüyünü, daha sonra isə dəfn mərasimi zamanı onun cəsədinə hücum etdiyini bildirib. Ailəsinin sözlərinə görə, heyvan qadını bədəni ilə qaldıraraq havaya atıb və hadisə yerindən uzaqlaşıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
73
editor.az

1Mənbələr